Bakı. 25 dekabr. REPORT.AZ/ "Azərbaycan Nazirlər Kabinetinin qərarına əsasən, ölkədə radon qazının paylanmasının tədqiqi üçün 2015-ci ilin yanvar-fevral aylarında xaricdən yeni cihazların alınması planlaşdırılır". Bunu "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvi Çingiz Əliyev deyib.
O bildirib ki, radon qazı iysiz və rəngsiz olduğundan onu hiss etmək mümkün deyil: "Ona görə də bu qazı ancaq radon ölçən cihazlar vasitəsi ilə təyin etmək olar. Azərbaycanda radon qazı probleminin həlli ilə bağlı cari ilin iyunun 30-da tədbirlər proqramı qəbul edilib. Hazırda hökumətin tapşırığı ilə radon qazının yüksək qatılığı olan ərazilərdə iş aparılır. Məqsəd radon probleminin olduğu ərazilərdə bu məsələni həll etməkdir. Bu, 5 illik proqramdır, 5 il ərzində tədqiqatlar nəticəsində problemlərin həlli yollarını verəcəyik".
Ç.Əliyev qeyd edib ki, tədbirlər proqramının icrasını 4 qurum - Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Səhiyyə Nazirliyi, Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirəcək: "AMEA Geologiya və Geofizika İnstitutunun təşəbbüsü və İsveçrə Elm Fondunun dəstəyi ilə hələ 2011-ci ildə respublika ərazisində 2500 radon detektoru quraşdırılmışdı. Ölçmələr 2-3 ay müddətində aparılırdı. İsveçrə alimlərinin dəstəyi ilə alınan nəticələr əsasında Azərbaycanın radon qazı kadastrı və xəritəsi yaradıldı".
Şamaxı-İsmayıllı, Quba, Zaqatala-Balakən və Şəki regionlarında radonun daha çox qatılığı müşahidə olunduğunu deyən institutun şöbə müdiri bildirib ki, həmin ərazilər aktiv seysmik zonalardır və radon qazı da qırılmalardan yer səthinə çıxır: "Qazax-Tovuz, Gəncə, Talış dağları zonasında da bəzi yerlər var ki, radon qazının qatılığı yüksəkdir və nəzarət altında olmalıdır".
O, həmçinin yaşayış binalarına radon qazının daxil olma səbəblərinə də aydınlıq gətirib: "Binanın yerləşdiyi ərazinin geoloji-coğrafi xüsusiyyəti, binanın tikintisində istifadə edilən materiallar, kanalizasiya xətləri və digər amillər binaların zirzəmisi və birinci mərtəbələrində radon qazının yığılmasına gətirib çıxarır. Adətən zirzəmidə və anbarlarda radon qazının səviyyəsi daha yüksək olur. Radon qazının təsirinə daha çox birinci, bəzən də ikinci mərtəbədə yaşayanlar məruz qalır. Ventilyasiya düzgün qurulubsa, radon qazı binaların zirzəmisindən, anbarlardan kənarlaşdırılır. Radon ağciyər xərçəngi yaradır. Tədqiqatlar göstərir ki, siqaret çəkmədən sonra ağciyər xərçənginin yaranmasında ikinci əsas rolu radon qazı oynayır".
Abşeronda radon qazı ilə bağlı araşdırmaların nəticələri barədə məlumat verən Çingiz Əliyev deyib ki, həmin ərazidə vəziyyət normaldır: "Abşeronda bəzi yerlərdə yalnız texnogen çirklənmələr aşkar olunub. Hazırda SOCAR tərəfindən həmin ərazilərdə təmizlənmə işləri aparılır. Radon problemi insan səhhəti ilə bağlı olduğuna görə onun həlli böyük əhəmiyyət kəsb edir".