Azərbaycanda magistratura pilləsinə qəbul imtahanlarının məzmununda dəyişiklik edilib

Azərbaycanda magistratura pilləsinə qəbul imtahanlarının məzmununda dəyişiklik edilib "Qəbul qaydaları olduğu kimi qalıb və bu il hər hansı bir dəyişiklik yoxdur"
Elm və təhsil
6 Yanvar , 2015 12:10
Azərbaycanda magistratura pilləsinə qəbul imtahanlarının məzmununda dəyişiklik edilib

Bakı. 6 yanvar. REPORT.AZ/ "Ötən ilin iyun ayında “İnformatika” üzrə imtahanın məzmununda olan dəyişiklik artıq elan edilib və bu ildən həmin dəyişikliklər tətbiq ediləcək". "Report" xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) şöbə müdiri Natiq Əliyev bu gün keçirilən mətbuat konfransında bu il ali məktəblərin magistratura pilləsinə keçiriləcək qəbul imtahanlarının məzmunundakı bəzi dəyişikliklər barədə məlumat verərkən deyib.

Onun sözlərinə görə, bu ildən “İnformatika” fənni üzrə qəbul imtahanlarında Windows əməliyyat sisteminin 7-ci versiyası və Office proqramlarının 2013-cü il versiyası üzrə qəbul aparılacaq: “Bunlar hələ iyun ayından TQDK-nın saytında yerləşdirilib və həmin proqram “Magistr” jurnalının 1-ci sayında çap edilib”.

N.Əliyev həmçinin qeyd edib ki, tədrisi Azərbaycan dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar isə ingilis, alman, fransız və ya rus dilini, tədrisi rus dilində olan ixtisaslaşmalara qəbul omaq istəyən bakalavrlar ingilis, alman və ya fransız dilini, tədrisi ingilis dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyənlər isə xarici dil kimi yalnız ingilis dilini seçməlidirlər.

Filologiya ixtisasını Azərbaycan dili və Azərbaycan ədəbiyyatı, habelə tarix ixtisasının tədrisi, Azərbaycan dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyənlər xarici dil kimi ərəb və ya fars dilini də seçə bilərlər. Eyni zamanda, filologiya, dil və ədəbiyyat müəllimliyi, xarici dil müəllimliyi və tərcümə ixtisasları üzrə ixtisaslaşmalara qəbul olmaq istəyənlərin ixtisaslaşma dilini xarici dil kimi seçə bilməyəcəklər. Ümumilikdə magistraturaya keçənilki qəbul qaydaları olduğu kimi qalıb və bu il hər hansı bir dəyişiklik yoxdur.

Qeyd edək ki, qəbul imtahanı iki mərhələdə keçirilir. Birinci mərhələdəki nəticələri TQDK tərəfindən müəyyən edilən tələbləri ödəyən bakalavrlar ikinci mərhələyə və proqram seçiminə buraxılırlar, ikinci mərhələnin nəticələri elan olunduqdan sonra nəticələri TQDK tərəfindən müəyyən edilən tələbləri ödəyən bakalavrlar ixtisas seçiminə buraxılırlar və seçdikləri ixtisaslaşma siyahısına əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə qəbul olunurlar.

Son xəbərlər

Orphus sistemi