Azərbaycanda inklüziv təhsillə bağlı layihənin təqdimatı olub

Azərbaycanda inklüziv təhsillə bağlı layihənin təqdimatı olub Bakı. 12 noyabr. REPORT.AZ/ Avropa İttifaqı (Aİ), BMT-nin Uşaq Fondu (YUNİSEF) və Təhsil Nazirliyinin birgə tərəfdaşlığı çərçivəsində “Sağlamlıq imkanları məhdud uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi” layihəsinin təqdimat mərasimi keçirilib.
Elm və təhsil
3023
12 Noyabr , 2018 12:52
Azərbaycanda inklüziv təhsillə bağlı layihənin təqdimatı olub
Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 12 noyabr. REPORT.AZ/ Avropa İttifaqı (Aİ), BMT-nin Uşaq Fondu (YUNİSEF) və Təhsil Nazirliyinin birgə tərəfdaşlığı çərçivəsində “Sağlamlıq imkanları məhdud uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi” layihəsinin təqdimat mərasimi keçirilib.

"Report" xəbər verir ki, təqdimat mərasimində təhsil naziri Ceyhun Bayramov, YUNİSEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas iştirak ediblər.

Təhsil naziri Ceyhun Bayramov bildirib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən 5 il ərzində təhsil sahəsində müsbət dinamika müşahidə olunub. Nazir həyata keçirilən islahatlar nəticəsində təhsilin keyfiyyətinin daha da yüksəldiyini vurğulayıb.

C.Bayramov Təhsil Nazirliyinin sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsil müəssisələrində digər uşaqlarla birgə təhsilə cəlb olunması məqsədilə həyata keçirdiyi tədbirlərdən söz açıb. Heydər Əliyev Fondunun bu sahədə əvəzolunmaz fəaliyyətini xüsusi qeyd edən nazir bildirib ki, fond sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum uşaqların təhsilinin təşkili, onların təhsil aldığı müəssisələrin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü işlər görüb.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas inklüziv təhsilin tətbiqinin vacibliyindən danışıb. Aİ nümayəndəsi qeyd edib ki, hər kəsin əldə etdiyi bilik və bacarıqlarla ictimai həyatda hərtərəfli iştirak etmək, inklüziv təhsil almaq, təlimlərə cəlb olunmaq və həyat boyu öyrənmək hüququ var.

YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin isə bildirib ki, sağlamlıq imkanları məhdud uşaqların keyfiyyətli təhsil prosesinə cəlb olunması onların inkişafına müsbət təsir göstərir. 

E.Karvardin təhsilin hər bir uşaq üçün əlçatan olmasına şərait yaratmaqla daha çox sayda sağlamlıq imkanları məhdud uşağın öz potensiallarından hərtərəfli istifadə etməsinə imkan verən bu təşəbbüsün həyata keçirilməsində Təhsil Nazirliyi və Avropa İttifaqı ilə birgə işləməkdən məmnun olduğunu diqqətə çatdırıb.

Daha sonra layihə ilə bağlı təqdimatlar olub, çıxışlar dinlənilib.

Qeyd edək ki, layihə üzrə 10 000 nəfərdən çox müəllim və məktəb direktoru inklüziv təhsil üzrə ixtisasartırma proqramlarından faydalanacaq. Layihə 2020-ci ilədək ümumtəhsil məktəblərində 5000 nəfərədək sağlamlıq imkanları məhdud uşağın təhsil almasına imkan yaradacaq.

Son xəbərlər

Orphus sistemi