​Azərbaycanda apardığı arxeoloji qazıntılarla bağlı hesabat verməyən şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq

​Azərbaycanda apardığı arxeoloji qazıntılarla bağlı hesabat verməyən şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq Ölkədə arxeoloji qazıntıların aparılmasına və arxeoloji mədəni sərvətlərin tədqiqinə icazəni AMEA verəcək
Elm və təhsil
6 İyun , 2015 11:15
​Azərbaycanda apardığı arxeoloji qazıntılarla bağlı hesabat verməyən şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq

Bakı. 6 iyun. REPORT.AZ/ Baş nazir Artur Rasi-zadə “Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda elmi-tədqiqat işlərini yerinə yetirən şəxs tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi qaydası”nı təsdiq edib.

"Report"un məlumatına görə, qayda “Mədəniyyət haqqında” qanunun 40.4-cü maddəsinə əsasən hazırlanıb və Azərbaycan ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən qaydanın 1.5-ci bəndində nəzərdə tutulan şəxslər tərəfindən aparılmış tədqiqat işləri barədə hesabatın verilməsi ilə bağlı münasibətləri tənzimləyir.

Ölkə ərazisində arxeoloji qazıntıların aparılmasına və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda elmi tədqiqat işlərinin yerinə yetirilməsinə icazəni Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) verir və Mədəniyyət və Turizm Nazirliyində, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində qeydə alınır.

Arxeoloji qazıntı işləri Mədəniyyət və Turizm Nazirliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzarəti ilə aparılır, qazıntı zamanı aşkar olunmuş arxeoloji materiallar dövlət mülkiyyətinə keçir və xüsusi fondlarda və muzeylərdə saxlanılır. Tarix–mədəniyyət qoruqlarının ərazisində aşkar edilən materiallar qoruqların fonduna təhvil verilir.

Qaydanın məqsədləri üçün şəxs dedikdə, Azərbaycan vətəndaşları, əcnəbi və ya vətəndaşlığı olmayan fiziki şəxslər, Azərbaycan və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq, hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlar başa düşülür, hesabat müvafiq şəxs tərəfindən imzalanmalı, hüquqi şəxs tərəfindən həmçinin möhürlə təsdiqlənməlidir.

Azərbaycan ərazisində arxeoloji qazıntıları aparan şəxs AMEA və Mədəniyyət və Turizm Nazirliyinə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə qazıntı işləri tamamlandıqdan sonra 30 gün müddətində aparılmış tədqiqat işləri barədə hesabat verməlidir. 

“Arxeoloji ekspedisiyaların həyata keçirilməsi üzrə xərc normaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2008-ci il 22 avqust tarixli 196 nömrəli qərarına uyğun olaraq, ölkə ərazisində arxeoloji qazıntılar aparan şəxs tərəfindən təqdim edilən hesabatda AMEA tərəfindən verilmiş icazə, arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş maddi-mədəniyyət qalıqlarının siyahısı, ekspedisiya təşkil olunduqda, onun rəhbəri, tərkibi və bu məqsədlə ayrılan maliyyə vəsaiti, qazıntı işləri aparılan abidənin ərazisi, qazıntı işləri zamanı tətbiq edilən vasitələr, qazıntı və ya tədqiqat üsulları, arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş abidə, əşya və ya başqa tapıntının coğrafi koordinatları, arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş abidə, əşya və ya başqa tapıntının müəyyən edildiyi anda yerləşmə vəziyyəti və təsviri, qazıntı işləri zamanı və işlər başa çatdıqdan sonra arxeoloji tapıntıların mühafizəsi və bu zaman onların mövcud vəziyyətdə qorunması və istifadəsi üçün görülmüş müvafiq tədbirlər, qazıntı işlərini aparan (yerinə yetirən) fiziki və ya hüquqi şəxslər, və arxeoloji tədqiqatlar gedişində axtarışların aparılması üçün istifadə olunan texniki vasitələr öz əksini tapmalıdır. Eyni zamanda hesabatla birlikdə AMEA və Mədəniyyət və Turizm Nazirliyinə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə qazıntı işləri aparılan ərazinin, aşkar olunan əşyaların və onların aşkar olunan zaman vəziyyətinin fotoşəkilləri, şəxslərin ixtisasını təsdiq edən sənədin surəti, avadanlıqların fotoşəkilləri və texniki göstəricilərini müəyyən edən sənəd də təqdim edilməlidir.

Azərbaycan ərazisində arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxs AMEA və Mədəniyyət və Turizm Nazirliyinə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə elmi tədqiqat işləri tamamlandıqdan sonra 30 gün müddətində aparılmış tədqiqat işləri barədə hesabat verir. Ölkə ərazisində arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxs tərəfindən təqdim edilən hesabatda AMEA tərəfindən verilmiş icazə, elmi tədqiqat işlərini yerinə yetirən elmi tədqiqat və layihə institutları, abidələrin qorunması və bərpası məqsədilə fəaliyyət göstərən ictimai birliklər və icraçı şəxslər, tətbiq edilən elmi tədqiqat metodları, tədqiq olunan abidə, əşya və ya başqa tapıntılar və tədqiq olunan abidə, əşya və ya başqa tapıntıların mühafizəsi və onların mövcud vəziyyətdə qorunması və istifadəsi üçün görülmüş müvafiq tədbirlər öz əksini tapmalıdır. Hesabatla birlikdə AMEA və Mədəniyyət və Turizm Nazirliyinə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə tədqiq olunan əşyaların fotoşəkilləri və şəxslərin ixtisasını təsdiq edən sənədin surəti təqdim edilməlidir.

AMEA və Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 3 iş günü müddətində təqdim edilən hesabatın qaydada göstərilən tələblərə uyğunluğunu yoxlayır, təqdim edilmiş hesabatda çatışmazlıqlar aşkar edildikdə, bu barədə şəxsə dərhal məlumat verilir. Müvafiq məlumatın verildiyi gündən 5 gün müddətində çatışmazlıqlar aradan qaldırılmalıdır, qaydada müəyyən olunmuş müddətlərdə hesabat təqdim edilmədikdə və ya təqdim edilmiş hesabatda qəsdən yanlış məlumatlar göstərildikdə, şəxs barədə “Mədəniyyət haqqında” qanunun 56-cı maddəsinə uyğun müvafiq tədbirlər görülür.

Son xəbərlər

Orphus sistemi