Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəhbərliyi Rəyasət Heyəti Mərkəzi Aparatın Təhsil şöbəsinin Xarici dil kafedrasının professor-müəllim heyəti ilə görüşüb. "Report" xəbər verir ki, kafedranın fəaliyyətində müəyyənləşdirilən yeni istiqamətlərdən danışan akademik Akif Əlizadə aparılacaq islahatlarla bağlı tövsiyələrini verib, imtahan və tədris prosesinin müasir standartlara uyğunlaşdırılması, imtahan otaqlarının yeni audio-video avadanlıqlarla təminatı, distant təhsilin yeni əsaslarla təşkilini məqsədəuyğun hesab edib.
AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, Rəyasət Heyəti Mərkəzi Aparatın Hüquq və Kadrlar İdarəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasıyev və Təhsil şöbəsinin rəisi, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva da tədrisin vəziyyəti ilə tanış olublar.
Görüşdə akademik Rasim Əliquliyev kafedranın gələcək fəaliyyəti ilə bağlı dəyərli məsləhətlərini verib, bütün bu proseslərdə İnformasiya Texnologiyaları İnstitutu (İTİ) ilə mübadilə və əməkdaşlıq şəraitində mütəşəkkil addımlar atılacağını, kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi və səmərəsinin artırılması üçün qabaqcıl, innovativ layihələr həyata keçiriləcəyini bildirib.
İnformasiya Kommunikasiyaları Texnologiyalarından (İKT) istifadə ilə tədrisin keyfiyyətinin yaxşılaşdırılması, müəllimlərin ixtisasartırma proqramlarına qoşulması, doktorant və dissertantların sosiallaşmasının dərinləşdirilməsi üçün onlarla interaktiv münasibətlərin qurulması, kafedranın maddi-texniki bazasının gücləndirilməsi, İKT ilə təminatının artırılması, tədrisin maliyyələşdirilmə mexanizmləri və müəllimlərin stimullaşdırılması tədbirləri perspektivdə duran məsələlər kimi müəyyənləşdirilib. Bununla bağlı əlaqədar şəxslərə tapşırıqlar verilib.
Görüşdə doktorantura və dissertanturaya minimum imtahan verən əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün imtahan qaydalarından danışılıb, onlarla ödənişli əsaslarla müqavilələrin bağlanmasının təmin edilməsi zəruri hesab olunub.