Azərbaycan vətəndaşlarının xarici ölkələrdə təhsil alması qaydaları təsdiqlənib

Azərbaycan vətəndaşlarının xarici ölkələrdə təhsil alması qaydaları təsdiqlənib Azərbaycan vətəndaşları xaricdə təhsil almaq məqsədi ilə təhsil müəssisələrini, ixtisası, təhsil pilləsini və səviyyəsini seçməkdə sərbəstdirlər
Elm və təhsil
15 May , 2015 09:09
Azərbaycan vətəndaşlarının xarici ölkələrdə təhsil alması qaydaları təsdiqlənib

Bakı. 15 may. REPORT.AZ/ Nazirlər Kabineti Azərbaycan vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda təhsil alması qaydalarını təsdiqləyib. "Report" xəbər verir ki, baş nazir Artur Rasi-zadə qaydaların təsdiq olunması haqda qərar imzalayıb.

Bu, qaydalar "Təhsil haqqında" qanunun tətbiq edilməsi barədə" Azərbaycan Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli fərmanının 2.2-ci bəndinə əsasən hazırlanıb və Azərbaycan vətəndaşlarının xarici ölkələrin təhsil müəssisələrində, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq təhsilin bütün pillə və səviyyələri üzrə Azərbaycanın təhsil müəssisələrində, həmçinin ali təhsilin doktorantura səviyyəsi üzrə elmi tədqiqat müəssisələrində və tibb təhsilinin rezidentura səviyyəsi üzrə klinik bazalarında təhsil almasına dair ümumi tələbləri müəyyən edir.

Qaydalar Azərbaycanda daimi yaşayan əcnəbilərə şamil edilmir. Həmin şəxslər ölkə daxilində Azərbaycan vətəndaşları ilə eyni əsaslarla təhsil hüququna malikdirlər.

Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan hallar istisna olmaqla, əcnəbilərin ölkənin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almaq hüququ yoxdur.

Qaydalara əsasən Azərbaycan Respublikasının vətəndaşları xaricdə dövlət proqramları çərçivəsində və beynəlxalq müqavilələr əsasında, Azərbaycan Respublikasının hüquqi şəxslərinin, xarici ölkələrin və onların təhsil müəssisələrinin, qeyri-hökumət və xeyriyyə təşkilatlarının ayırdıqları təqaüd (tələbələrin təhsil almaları ilə əlaqədar təhsil haqqı, yataqxana, yaşayış xərci və digər xərclərin qarşılanması) və qrantlar əsasında, təhsil müəssisələrinin xarici ölkələrin təhsil müəssisələri ilə bağladığı müqavilələr əsasında, xarici ölkələrin dövlət qurumlarının ayırdıqları kvotalar əsasında, Azərbaycanın hüquqi və fiziki şəxslərinin xarici ölkələrin təhsil müəssisələri ilə bağladıqları müqavilələr əsasında təhsil ala bilərlər.

Azərbaycan vətəndaşları təhsil almaq məqsədi ilə yerləşdikləri dövlətin qanunlarında nəzərdə tutulmuş tələblərə cavab verən təhsil müəssisələrini, ixtisası (ixtisaslaşmanı), təhsil pilləsini və səviyyəsini seçməkdə sərbəstdirlər.

Təhsil müəssisələri xarici ölkələrin təhsil müəssisələri ilə şagird və tələbə mübadiləsini bu qaydalara və bağladıqları müqavilələrə uyğun həyata keçirirlər.

Azərbaycan Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 6.2-ci bəndinə müvafiq olaraq dövlətlərarası razılaşmalara əsasən Azərbaycan vətəndaşlarının xarici dövlətlərin ali təhsil müəssisələrinə qəbulunun aparılması Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən həyata keçirilir.

Növbəti təhsil səviyyəsi üzrə təhsilini davam etdirmək istəyən xaricdə təhsil almış Azərbaycan vətəndaşlarının təhsil sənədlərinin tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun həyata keçirilir.

Əcnəbilərin Azərbaycanın təhsil müəssisələrində əvvəlki təhsilinə uyğun gələn təhsil səviyyəsinə və ya əlavə təhsilin hər hansı istiqamətinə qəbulu aşağıdakı əsaslarla həyata keçirilir:

Təhsil sahəsində Azərbaycanla xarici ölkələr arasında bağlanılmış müqavilələrə uyğun müəyyənləşdirilmiş kvota əsasında, təhsil müəssisələrinin iştirak etdiyi beynəlxalq proqramlar əsasında, təhsil müəssisələri ilə xarici ölkələrin təhsil müəssisələri arasında bağlanılmış müqavilələr əsasında, təhsil müəssisəsinin hüquqi şəxslərlə birbaşa bağladığı müqavilələr əsasında, təhsil müəssisəsinin fiziki şəxslərlə birbaşa bağladığı müqavilələr əsasında ola bilər.

Bundan başqa, xarici ölkə vətəndaşları Azərbaycan Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 6.1-ci və 6.2-ci bəndlərinə müvafiq olaraq, Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinə Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən tələbə qəbulu müsabiqəsi əsasında Azərbaycanda təhsl ala bilərlər.

Əcnəbilər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi mərkəzləşdirilmiş qəbul imtahanlarında iştirak etdikləri halda, Azərbaycan Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 7.3-cü bəndinə əsasən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının müəyyən etdiyi sənədləri təqdim etməlidirlər.

Doktorantura və dissertantlıq yolu ilə təhsil almaq üçün müraciət edən əcnəbilər Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın 7.3-cü bəndində müəyyən edilmiş sənədləri təqdim etməlidirlər.

Bu qaydaların 3.1.1-3.1.6-cı yarımbəndlərində qeyd olunan əsaslarla Azərbaycan Respublikasında təhsil almaq üçün müraciət edən əcnəbilər seçdikləri təhsil müəssisəsinə aşağıdakı sənədləri təqdim etməlidirlər.

Seçdikləri ixtisas, tədris dili və təhsilalma forması göstərilməklə, təhsil müəssisəsinin rəhbərinin adına ərizə, əvvəlki təhsil pilləsində (səviyyəsində) keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən və müvafiq qaydada leqallaşdırılmış(və ya apostil olunmuş) təhsil haqqında sənədin (sənədlərin) və onun Azərbaycan dilinə tərcüməsinin notariat qaydada təsdiq edilmiş surətini təqdim etməlidirlər.

Eyni zamanda, sağlamlıq, o cümlədən QİÇS, Hepatit B və C viruslarının daşıyıcısı olmaması haqqında arayış, etibarlı sərhədkeçmə sənədi verməlidirlər.

Əcnəbilərin müvafiq təhsil səviyyəsi üzrə hazırlığı və tədris dilini bilmə səviyyəsi seçdikləri təhsil müəssisəsi tərəfindən yoxlanılır və təhsil müəssisəsinin müəyyən etdiyi tələblərə uyğun gəldikləri halda onların təhsil müəssisəsinə qəbulu rəsmiləşdirilir.

Əcnəbilərin ümumi təhsil və ilk peşə-ixtisas təhsili pillələrində təhsili müvafiq dövlət standartları və təhsil proqramları (kurikulumları) əsasında həyata keçirilir.

Ali və orta ixtisas təhsili müəssisələrində əcnəbilərin təhsili Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, kredit sistemi əsasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi ixtisas (ixtisaslaşma) üzrə təhsil proqramlarına müvafiq olaraq təhsil müəssisəsinin rəhbəri tərəfindən təsdiq olunmuş tədris planları əsasında həyata keçirilir.

Azərbaycan Respublikasının təhsil müəssisələrində təhsil alan əcnəbilər Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər “Təhsil haqqında” qanununun 32-ci maddəsində nəzərdə tutulmuşhüquqlara malikdirlər. Əcnəbilər təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarına riayət etməlidirlər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 2.2-ci bəndinə uyğun olaraq, ali təhsil müəssisələrinin bakalavriat, magistratura, doktorantura səviyyələrinə və elmi təşkilatların doktoranturalarına əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında, habelə ali təhsil müəssisəsi ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında bağlanılan müqaviləyə uyğun olaraq ödənişli əsaslarla həyata keçirilir. İcbari ümumi orta təhsildə əcnəbilərin təhsili ödənişsiz əsaslarla həyata keçirilir.

Kvota əsasında təhsil alan əcnəbilərin təhsil haqqı Azərbaycan Respublikası ilə xarici ölkələr arasında bağlanılmış müqavilələrə uyğun olaraq ödənilir.

Əcnəbilərlə və ya onların təhsil haqqını ödəyən hüquqi və fiziki şəxslərlə təhsil müəssisəsi arasında bu Qaydaların əlavəsindəki formaya uyğun müqavilə bağlanılır (icbari ümumi orta təhsil istisna olmaqla).

Təhsil müəssisəsi təhsil alan əcnəbilər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə müəyyən edilmiş forma üzrə hesabat təqdim edir.

Təhsil müəssisəsini bitirən əcnəbilərə təhsil haqqında dövlət nümunəli sənəd verilir.

Ali və orta ixtisas təhsili müəssisələrinin əcnəbi tələbələrivə məzunları haqqında məlumatlar “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilir.

Əcnəbilər təhsil müəssisələrindən xaric edildikdə, təhsil müəssisəsi 3 (üç) iş günü ərzində bu barədə Təhsil Nazirliyinə və Dövlət Miqrasiya Xidmətinə məlumat verməlidir.

Son xəbərlər

Orphus sistemi