Lion şəhərində Azərbaycan və Fransanın dağlıq ərazilərinin müqayisəli təhlilinə həsr edilmiş dəyirmi masa keçirilib.
"Report"un Fransa bürosu xəbər verir ki, Şərq və Aralıq dənizi Evində baş tutan "Alp-Qafqaz, müqayisəli təhlil" adlı tədbirdə Azərbaycanda uzun müddət arxeoloji tədqiqatlar aparmış Lumiere Lyon Universitetinin Zamanlar və ərazilər, incəsənət və arxeologiya tarixi şöbəsinin tədqiqat komissiyasının və elmi şurasının üzvü, Qədim Yaxın Şərq arxeologiyası üzrə professor Mişel Kazanova, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun alimi Abuzər Ələkbərov və digər professorlar, alimlər iştirak ediblər.
Tədbirdə arxeoloqlar Neolit dövründən Dəmir dövrünədək Alp dağlarında və Azərbaycanın dağlıq ərazilərində insanların məskunlaşmasına dair elmi araşdırmaların müqayisəli təhlilini aparıblar.
Ekspertlər həmçinin Alp və Qafqaz dağlarında təbii resursların istismarı, dağlıq ərazilərdə cəmiyyətdəki, ətraf mühitdəki dəyişikliklər və digər mövzulara dair elmi məruzələr ediblər.