Azərbaycan Memarlıq və İnşaat Universitetində mediatur təşkil olunub

Azərbaycan Memarlıq və İnşaat Universitetində mediatur təşkil olunub Bakı. 11 yanvar. REPORT.AZ/ Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2017-2018-ci tədris ilinin payız semestri imtahanlarının gedişini müşahidə etmək üçün mediatur təşkil edilib.
Elm və təhsil
11 Yanvar , 2018 14:55
Azərbaycan Memarlıq və İnşaat Universitetində mediatur təşkil olunub
Report/ Elshan Baba

Bakı. 11 yanvar. REPORT.AZ/ Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2017-2018-ci tədris ilinin payız semestri imtahanlarının gedişini müşahidə etmək üçün mediatur təşkil edilib.

"Report"un məlumatına görə, mediaturda Universitetin rəhbərliyi, Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, təhsil ekspertləri və KİV təmsilçiləri iştirak ediblər.

Tədbirdən əvvəl AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova qonaqlarla görüşüb. O deyib ki, mediaturun təşkili təhsilin keyfiyyətinin artırılması və neqativ halların aradan qaldırılmasına xidmət edir. Rektor bildirib ki, eyni zamanda əsas məqsəd imtahan sessiyasının obyektiv və şəffaf şəraitdə keçirilməsi barədə ictimaiyyəti məlumatlandırmaqdır.

Sonra G.Məmmədova qonaqlara Universitetdə aparılan islahatlar, görülən işlər və yeniliklər haqqında, imtahan sessiyasının gedişi barədə ətraflı məlumat verib.

O, imtahanların şəffaf, normativ sənədlərə uyğun olaraq, həm test üsulu ilə, həm də yazılı formada keçirildiyini qonaqların diqqətinə çatdırıb. G.Məmmədova bildirib ki, Universitetdə bütün məsələlər "Elektron Universitet Portalı" vasitəsilə nəzarətə götürülür, istər yazılı, istərsə də test imtahanlarının nəticələri dərhal həmin sistemdə qeydə alınır: "Tələbə test imtahanlarının nəticələrini cavabları təsdiq etdikdən dərhal sonra kompüterin ekranından görür. Yazılı imtahanlar da test imtahanları kimi ciddi nəzarətə götürülüb, yazılar şifrələnir, sonra yoxlanılır, həmin gün qiymətlər tələbələrə elan edilir. Hər günün sonunda istər yazılı, istərsə də test imtahanlarının nəticələri Universitetin elektron portalında yerləşdirilir".

Rektor qeyd edib ki, Universitetdə imtahan sessiyasının gedişinə nəzarət etmək məqsədilə qərargah və Apelyasiya Komissiyası formalaşdırılıb: "Qiymətləndirmədən narazı qalan tələbələrin Apellyasiya Komissiyasına ərizə ilə müraciət etməsi üçün şərait yaradılıb. Komissiya bütün müraciətlərə baxır, araşdırır, qiymətləndirmədə şəffaflıq və operativliyi təmin edir".

G.Məmmədova həmçinin qeyd edib ki, ildən-ilə Universitetə qəbul olan tələbələrin sayı artır: "Hər il təqdim etdiyimiz qəbul planında da artım hiss olunur. Məsələn, keçən il Azərbaycan Memarlıq və İnşaat Universitetinə 1200 tələbə qəbul olmuşdusa, bu il təqdim etdiyimiz qəbul planında 1800 yer nəzərdə tutulub".

Mediaturdan sonra iştirakçılar imtahanların gedişini canlı izləmək üçün Universitetin bir neçə auditoriyasına baş çəkib, imtahanların gedişini izləyib və cavabların yoxlanılması prosesi haqqında məlumat əldə ediblər. Eyni zamanda onlar Memarlıq fakültəsində tələbələrin kurs işlərinin müdafiəsi prosesini də izləyiblər, gənc memarların əl işlərindən ibarət sərgiyə də baxıblar.

Monitorinq başa çatdıqdan sonra imtahanlarla bağlı təkliflər səsləndirilib, fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi