AMEA: Yerin altında mənfi təzyiq dalğalari Macarıstan alimləri ilə birgə öyrənilir

AMEA: Yerin altında mənfi təzyiq dalğalari Macarıstan alimləri ilə birgə öyrənilir İkillik proqram Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə icra olunur
Elm və təhsil
12 Aprel , 2016 19:45
AMEA: Yerin altında mənfi təzyiq dalğalari Macarıstan alimləri ilə birgə öyrənilir

Bakı. 12 aprel. REPORT.AZ/ Azərbaycan və Macarıstan alimləri yerin altındakı ekstremal geofiziki proseslərin, o cümlədən zəlzələ, vulkan püskürmələri, qeyzer və digər təbiət hadisələrinin baş verməsində mənfi təzyiq dalğalarının rolunu öyrənməyə başlayıblar.

Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun(GGİ) İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumata görə, bu cür dalğalar milyon illər ərzində çox ləng gedən geoloji proseslərin fonunda ani oyanmaların səbəbkarı kimi müşahidə edilir.

GGİ, Bakı Ali Neft Məktəbi və Macarıstan Elmlər Akademiyası Enerji Tədqiqatları Mərkəzinin (ETM) əməkdaşları tərəfindən aparılan işlər “Geoloji mühitdə mənfi təzyiq dalğalarının aşkarlanması, qeyd olunması və izlənilməsi üsullarının və texniki sisteminin işlənilməsi” adlı proqram çərçivəsində həyata keçirilir.

İkilllik proqram Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EIF) maliyyə dəstəyi ilə icra olunur.

AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, GGİ-nin Geodinamika və seysmologiya şöbəsinin müdiri, akademik Fəxrəddin Qədirov bildirir ki, mənfi təzyiq dalğaları ən az öyrənilmiş məsələlərdən biridir. Onların yaranmasına təkan verən amillər müxtəlif növ geodinamik proseslərin nəticəsində baş verən tektonik yerdəyişmələr, qırılmalar, flüid dinamikası və süxurların yerdəyişməsi ola bilər.

Mənfi təzyiq dalğası yarandığı nöqtədən kifayət qədər uzaqda yerləşən ocaqda yeraltı mühitin “həyəcanlanması”na səbəb ola bilir. Bu, qısamüddətli olsa da, dərinlikdəki maye sisteminin əhəmiyyətli dərəcədə qızması, buxarın əmələ gəlməsi və qaz çıxışına səbəb olur. Neft quyularının qazılması və istismarı zamanı bu cür təzyiq təzahürlərinin miqyasını müşahidə etmək mümkündür. Elmə məlumdur ki, açıq fontan şəklində neft-qaz çıxışı, quyuların çökməsi, qazma borularının burulması, qrifonəmələgəlmə kimi ağır fəsadlar, əsasən, mənfi təzyiq dalğasının gəlib keçməsinin nəticəsidir.

GGİ-də Macarıstan ETM-in aparıcı elmi işçisi professor İmre Atila Karoli ilə görüş keçirilib, elmi tədqiqat proqramının imkanları və hədəfləri müzakirə olunub. Xarici qonaq əvvəlcə həmkarlarına təmsil etdiyi elmi qurum haqqında geniş məlumat verib. Sonra o, “Geoloji mühitdə mənfi təzyiq dalğaları altında maye sistemi” adlı məruzə ilə çıxış edib, bu istiqamətdə aparmış olduğu tədqiqatlardan və uğurlu nəticələrdən danışıb.

Görüşdə qeyd olunub ki, tədqiqatların nəticəsində geoloji mühitin idarə edilməsi üzrə yeni yanaşmaların hazırlanması nəzərdə tutulur. Hazırda alimlərin qarşısında duran məsələlər mənfi təzyiq effekti əsasında enerjiyə qənaət edən texnologiyalar işləyib hazırlamaq, dalğaların geofiziki proseslərdəki rolunu kompleks qiymətləndirmək və s.-dir. Qeydəalma və ölçü sistemlərini tərtib etmək, uzunmüddətli müşahidələr aparmaq və digər məsələlər də proqramın planında yer alır. Araşdırmalar fiziki və riyazi modelləşdirmə, laboratoriya tədqiqatları, həmçinin ərazidə ölçü işləri ilə həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi