Bakı. 17 dekabr. REPORT.AZ/ "Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institutları və elmi-tədqiqat müəssisələri il ərzində iki dəfə hesabat verməli olacaqlar. Bununla bağlı AMEA tərəfindən sərəncam hazırlanacaq". "Report" xəbər verir ki, bunu AMEA prezidenti, akademik Akif Әlizadə AMEA Direktorlar Şurasının bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, yeni sistem gələn ildən tətbiq ediləcək.
Hazırda institutların illik hesabatlarının formal olduğunu deyən AMEA sədri bildirib ki, bir çox hallarda hesabatlara və elmi nəticələrin müzakirəsinə kifayət qədər vaxt ayrılmır.
Akademik təklif edib ki, institutlar il ərzində iki dəfə hesabat versinlər: "Hər bir hesabat 6 aylıq müddəti əhatə etməlidir. İlk hesabat yanvarda, ikincisi isə iyul ayında hazırlanmalıdır. Hesab edirəm ki, hesabatlar formallıqdan uzaqlaşmır. Hətta bir çox xarici ölkələrdə hesabatlara həftələr ayrılır. Bizdə də direktorların özləri tərəfindən bir qrafik müəyyənləşdirilə bilər. Әgər hesabatlar belə təqdim edilərsə, məncə, onda işin keyfiyyəti də yüksələr".
O, eyni zamanda əlavə edib ki, institutlar AMEA Rəyasət Heyətinin iclaslarında hesabat verməkdən əl çəkməli və bu işi müvafiq bölmələr həyata keçirməlidirlər.