AMEA prezidenti: "Bu gün təhsil proqramları müasir tələblərə cavab vermir"

AMEA prezidenti: "Bu gün təhsil proqramları müasir tələblərə cavab vermir" "Zaman sürətlə ötür, nədənsə başlamaq lazımdır"
Elm və təhsil
19 Dekabr , 2014 13:35
AMEA prezidenti: Bu gün təhsil proqramları müasir tələblərə cavab vermir

Bakı. 19 dekabr. REPORT.AZ/ "Gənc elmi kadrların AMEA sisteminə cəlb edilməsi məqsədilə elm və təhsilin inteqrasiyası haqqında ümumi danışıqlar aparmalı, Akademiya müəssisələrində respublika ali məktəblərinin baza kafedralarının yaradılması məsələsi qanunvericilik aktları çərçivəsində həllini tapmalıdır". "Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə Azərbaycan Alimlərinin I Qurultayında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, həmçinin tədqiqat prosesində baza kafedralarında iştirak edən tələbələrin maliyyə dəstəyini hüquqi olaraq müəyyən etmək lazımdır: "Nəhayət, tələbə-tədqiqatçının AMEA-nın müvafiq institutunda ən azı 3 il ərzində işləməsi haqqında müqavilə münasibətlərini qanun yolu ilə təsdiqləmək vacibdir. Düşünürəm ki, bunlar yalnız ilk addımlar ola bilər. Bu təkliflərə əlavələr də edilə bilər. Amma zaman sürətlə ötür, nədənsə başlamaq lazımdır".

A.Əlizadə qeyd edib ki, bu gün dinamik inkişaf edən dünyada müasir biliklər tədris olunmasa, böyük ehtiyac duyulan ali təhsilli mütəxəssislər yetişdirmək mümkün deyil: "Ancaq bugünkü tələbələr bəzi hallarda müəyyən qədər köhnəlmiş metodikalarla qarşılaşanda istər təbiət, istərsə də humanitar elmlərə geniş planda lazımi diqqət göstərmirlər. Halbuki informasiya texnologiyaları sahəsində çoxlu məlumat almaq imkanına malik hazırkı abituriyentlər elm və texnologiyalardakı yeniliklərə uyğunlaşmağa, onlardan istifadəyə sürətlə vərdiş edə bilərlər".

Onun fikrincə, bugünkü tələbələr müxtəlif bilik sahələrində informasiya əldə etmək imkanı verən yeni informasiya texnologiyalarından istifadə edirlər: "Müasir cəmiyyətin informasiya yenilikləri ilə daha çox maraqlanan gəncliyi hər hansı optimallaşma alqoritmləri və ya ideal qazın entropiyası haqqında düşünmək marağında deyil. Qarşımıza həmişəki sual çıxır – nə etməli? Bu gün hiss olunur ki, təhsil proqramları müasir tələblərə tam cavab vermir".

Tələbələrin biliyini intensiv artırmaq üçün yeni texnologiyaların tədrisinə böyük ehtiyac yarandığını deyən AMEA prezidenti vurğulayıb ki, bu cür proqramlar elmlə təhsil arasında əlaqələndirici körpü rolunu oynaya bilər: "Hesab edirik ki, tədris proqramlarında başlıca dəyişikliklər etmək üçün, ilkin olaraq, müzakirələr təşkil edilməli, təkliflər irəli sürülməlidir. Müzakirələr potensial tələbələrin yaradıcılıq qabiliyyətlərini aşkarlamaq, innovasiyanın imkanlarını təhsildə tətbiq etmək və dərs proqramlarını qismən müasirləşdirmək məqsədi ilə aparılmalıdır".

Son xəbərlər

Orphus sistemi