AMEA-nın Yer Elmləri Bölməsinin iclası keçirilib

AMEA-nın Yer Elmləri Bölməsinin iclası keçirilib Tədbirdə bölmə üzvləri, elmi müəssisələrin rəhbərləri iştirak ediblər
Elm və təhsil
687
13 İyun , 2017 10:24
AMEA-nın Yer Elmləri Bölməsinin iclası keçirilib
AMEA

Bakı. 13 iyun. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının Yer Elmləri Bölməsinin iclası keçirilib.

AMEA-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə bölmə üzvləri, elmi müəssisələrin rəhbərləri iştirak ediblər.

İclası giriş sözü ilə açan bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
Tədbirdə Geologiya və Geofizika İnstitutunun Tektonofizika və geomexanika şöbəsinin rəhbəri, akademik Hətəm Quliyev "Aləmin əbədi dövranı paradiqması" mövzusunda məruzə ilə çıxış edib. Akademik məruzəsində aləmin əbədi dövranı (AƏD) haqqında yeni elmi paradiqmanın əsaslarını təqdim edib. Bildirib ki, daha öncədən təklif edilmiş paradiqmalar ilkin və ikinci insan duyğularına əsaslanır. Müxtəlif paradiqmalar arasında fərqlər əsasən ikinci duyğuların – yenilənən koqnitiv sistemləri nəticələrinin dərkolunma miqyası ilə bağlıdır.
Materiyanın maddi və sərbəst haldan ibarət olduğunu deyən akademik qeyd edib ki, mütləq sərbəst hal azad enerji potensialına malik sonsuz fəza formasındadır: "Ayrı-ayrı maddələrdən və azad fəzanın hissələrindən ibarət olan maddi hal fiziki, bioloji və informasiya formaları şəklində mövcuddur. Materiya hər zaman onun bütün hallarının iştirakı ilə iş görür. Materiyanın iki – enerji və maddi aqreqat toplananı var. Materiya bütün hallarında azadlığa nail olmaq üçün əbədi mübarizə aparır. Bu məqsədə çatmağın ən yaxşı yolunun axtarışı AƏD təmin edən hərəkətverici qüvvə rolunu oynayır. Qüvvə bütün miqyaslarda, sürətlərdə mövcuddur, aləmin bütün halları və formaları üçün eynidir. Bu, istəkdir".

Hətəm Quliyev

Məruzəçi bütün fundamental təsir qüvvələrinin materiyanın maddi və sərbəst halları ilə qarşılıqlı təsirinin AƏD-də müxtəlif miqyaslarda istəklərin icrasına xidmət etdiyini vurğulayıb. Qeyd edib ki, hər bir istək müəyyən hərəkət şəklində baş verdiyindən bu proses də qeyri-aşkar şəkildə təsirin ən kiçik prinsipinə tabedir. Alim AƏD-in insanın iştirak istəklərinin həyatakeçmə mexanizmlərini kifayət qədər zənginləşdirdiyini, nəticədə koqnitiv sistem kimi materiyanın azad halının spesifik formasının yarandığını nəzərə çatdırıb.
H.Quliyev bildirib ki, hərəkətlərin müddəti materiyanın informasiya formasının elementidir, zaman isə müddətlərin spesifik ölçülmə nəticələrinin kəmiyyət göstəricilərinin qəbul olunmuş qaydada düzəni və istifadəsidir. Kainatın hər yerində materiyanın iş gördüyünü deyən akademik qeyd edib ki, bunun nəticəsində müddətlərin toplum cəmi durmadan artır və bu artımdan təcrid olmaq mümkün deyil.
Məruzə dinlənildikdən sonra müzakirə aparılıb, suallar cavablandırılıb və məsələ ilə bağlı müvafiq qərar qəbul olunub.
Gündəlikdə əksini tapan növbəti məsələ AMEA-da yer elmləri sahəsi üzrə elmlər doktoru hazırlığının və "AMEA-nın professoru" elmi adı müsabiqəsində bölmənin institut və təşkilatlarının iştirak vəziyyətinin müzakirəsi olub. Müzakirələrdən sonra bölmə müvafiq qərar qəbul edib.

Sonda bir sıra cari məsələlər müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi