Bakı. 12 mart. REPORT.AZ/ Cari ilin aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, AMEA Rəyasət Heyətinin bugünkü iclasında ümumi yığıncağın gündəliyi təsdiq edilib. Gündəlikdə akademiyanın 2014-cü ildəki fəaliyyəti haqqında hesabat, AMEA-nın vitse-prezidenti vəzifəsinə və AMEA-nın bir sıra bölmələrinin akademik-katibi vəzifəsinə seçkilərin keçirilməsi və s. məsələlər yer alıb.
Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı və AMEA-nın adlı mükafatlarının təqdimatı da gündəliyə daxil olan məsələlərdəndir.
Rəyasət Heyətinin qərarı ilə ümumi yığıncağın müzakirəsinə çıxarılacaq məsələlərə aid materialların hazırlanması AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyevə tapşırılıb. Bu və ya digər qərarların icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevə həvalə edilib.