Bakı. 29 aprel. REPORT.AZ/ “Azərbaycanda alimlərin hər biri müxtəlif elmi istiqamətlə məşğuldur. Ona görə də bu gün Azərbaycan dilinə daxil olan elmi biliklərin, sözlərin azərbaycanlaşdırılması da alimlərdən asılıdır”. “Report” xəbər verir ki, bunu AMEA-nın akademik-katibi Rasim Əliquliyev Akademiyanın illik ümumi yığıncağında çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan elmində Azərbaycan dilinin qorunması üçün yeni terminoloji baza yaradılacaq: “Bu gün dünyanın yeni terminoloji lüğəti yaradılır. Azərbaycanda da Nazirlər Kabineti nəzdində Terminologiya Komissiyası fəaliyyət göstərir. Bu gün müxtəlif sözlərin Azərbaycan dilinə gəlməsi xaotik xarakter daşıyır. Hər kəsə məlumdur ki, bu gün internet sürətlə inkişaf edir. Odur ki, kompüter bütün dünyada açıqdır və oradan istənilən termin dilimizə gəlir. Buna görə də Azərbaycan dilinə internetin gətirdiyi xarici dildə olan informasiya selini azərbaycanlaşdırmaq, yeni terminləri ortaya qoymaq lazımdır. Bu səbəbdən də Azərbaycan dilinin, eləcə də elmi dilin qorunması, inkişafı, məhz alimlərin çiynindədir. AMEA bu istiqamətdə işlər aparır. Elektron hökumətin tərkib hissəsi kimi geniş terminoloji bir baza yaratmaq istəyirik ki, bu baza zənginləşdirilsin. Müxtəlif yeni terminlərdən Azərbaycan elmində düzgün istifadə edilsin ki, dil qorunub-saxlanılsın”.