AMEA-nın 70 illik fəaliyyətinə həsr olunan sənədli film təqdim edilib

AMEA-nın 70 illik fəaliyyətinə həsr olunan sənədli film təqdim edilib İsa Həbibbəyli: “Azərbaycanın elm məbədi” sənədli filmində akademiya tarixini bütövlükdə əks etdirməyə çalışmışıq"
Elm və təhsil
5 Noyabr , 2015 16:27
AMEA-nın 70 illik fəaliyyətinə həsr olunan sənədli film təqdim edilib

Bakı. 5 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik fəaliyyətinə həsr edilən sənədli film təqdim olunub. "Report" xəbər verir ki, bu gün Bakı Ali Neft Məktəbində AMEA-nın 70 illiyinə həsr olunan tədbirdə “Azərbaycanın elm məbədi” sənədli filminin qısa variantı təqdim olunub.

AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının 70 illiyinə həsr olunan “Azərbaycan elm məbədi” filmi tam hazırdır: "Filmin musiqisi bu gün tamamlandı və Bakı Ali Neft Məktəbində ilk dəfə filmin qısa, 19 dəqiqəlik variantını təqdim edirik. Film yaxın günlərdə tam formada ictimaiyyətə təqdim olunacaq”.

İ.Həbibbəyli film haqqında ətraflı məlumat verib. O bildirib ki, filmdə 70 ildə akademiyanın prezidenti olan alimlərin hər biri haqqında geniş məlumat verilib: “Filmdə akademiya tarixini bütövlükdə əks etdirməyə çalışmışıq”.

O xatırladıb ki, akademiyanın Bakıda fəaliyyət göstərən elmi-tədqiqat institutlarında və regionlarda yerləşən Naxçıvan bölməsində, Şəki Regional Elm Mərkəzində, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında müvafiq çəkilişlər aparılıb: "Yaradıcı heyət Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, Sankt-Peterburq bölməsinin rəhbəri, Nobel mükafatı laureatı Jores Alfyorovdan, Ukrayna Milli Elmlər Akademiyasının prezidenti, akademik Boris Patondan, digər görkəmli elm xadimlərindən və gənc alimlərdən müsahibələr alıb".

Qeyd edək ki, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının “Salnamə” studiyasında çəkilən filmin elmi məsləhətçisi AMEA prezidenti, akademik Akif Əlizadə, ssenari müəllifi və yaradıcı heyətin rəhbəri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, quruluşçu rejissoru əməkdar incəsənət xadimi Ayaz Salayevdir. Həmçinin işçi qrupuna AMEA-nın bir neçə əməkdaşı və “Salnamə” studiyasının işçiləri daxildir. Filmin musiqi tərtibatçısı gənc bəstəkar Azər Əsgərovdur.

Son xəbərlər

Orphus sistemi