AMEA-da “Cənubi Azərbaycan: 1918-ci il soyqırımı” adlı kitabın təqdimatı keçirilib

AMEA-da “Cənubi Azərbaycan: 1918-ci il soyqırımı” adlı kitabın təqdimatı keçirilib Gövhər Baxşəliyeva: "Kitabda olan bir çox materiallar ilk dəfədir işıq üzü görür"
Elm və təhsil
30 Mart , 2016 13:11
AMEA-da “Cənubi Azərbaycan: 1918-ci il soyqırımı” adlı kitabın təqdimatı keçirilib

Bakı. 30 mart. REPORT.AZ/ AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbirdə “Cənubi Azərbaycan: 1918-ci il soyqırımı” adlı kitabın təqdimatı olub.

Monoqrafiyanın müəllifi Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin elmi işçisi Həsən Səfəridir. Kitabda Birinci Dünya Müharibəsinin gedişində (1914-1918-ci illər) Qərb dövlətləri, eləcə də, Rusiyanın köməyi sayəsində yaradılan birləşmiş erməni silahlı dəstələrinin Cənubi Azərbaycanın qərb bölgəsində (Urmiya, Salmas, Xoy və ətraf yaşayış məntəqələrində) 200 minə qədər azərbaycanlını soyqırıma məruz qoyması araşdırılıb.

Kitabda bəzi Qərb dövlətləri və çar Rusiyası nümayəndələrinin, eləcə də missioner təşkilatların Azərbaycan və Türkiyə ərazisində dənizdən dənizə "Böyük Ermənistan" yaratmaq məqsədilə erməniləri təşkilatlandırıb silahlandırmaları mötəbər mənbələr əsasında araşdırılıb təhlil edilib.

Əsər giriş, 3 fəsil və nəticədən ibarətdir. Kitabın sonunda təqdim edilən əlavələrdə Cənubi Azərbaycanın qərb bölgəsində 1918-ci ildə birləşmiş erməni-aysor silahlı dəstələrinin törətdiyi soyqırımına aid sənədlər, hadisələrin şahidlərinin xatirələri təqdim edilir.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva bildirib ki, mart ayının 31-i Azərbaycan xalqına qarşı zaman-zaman törədilmiş soyqırım aktlarının tanınması günüdür: "Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı günü elan edilib. 1999-cu ildə isə Azərbaycan xalqılna qarşı törədilən soyqırımla bağlı fərmanın həyata keçirilməsi ilə bağlı tədbirlər planı imzalanıb. Milli Elmlər Akademiyasında akademiyanın prezidenti Akif Əlizadənin sədrliyi ilə soyqırımı tədqiq edən komissiya yaradılıb ki, soyqırımın institutlarda araşdırılması ilə məşğul olsun". 

O qeyd edib ki, təqdim edilən kitab kifayət qədər mühüm məlumatlar, konkret arxiv sənədləri əsasında işlənib, aşkara çıxarılıb: "Kitabda olan bir çox materiallar ilk dəfədir işıq üzü görür".

Son xəbərlər

Orphus sistemi