Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə mediatur təşkil olunub

Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə mediatur təşkil olunub Təhsilin əlçatanlığını təmin etmək üçün keyfiyyətə də diqqət yetirilməlidir
Elm və təhsil
19 Dekabr , 2018 16:54
Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə mediatur təşkil olunub

Bakı. 19 dekabr. REPORT.AZ/ Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə mediatur təşkil olunub.

“Report” xəbər verir ki, mediatur zamanı jurnalistlərə idarənin fəaliyyət sahələri üzrə cari ildə görülən işlər, həyata keçirilən yeniliklər və digər aidiyyəti məsələlər barədə məlumat verilib.

Bildirilib ki, Akkreditasiya və Nostrifikasiya İdarəsi Azərbaycan ərazisində bütün təhsil pillələri üzrə fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üzrə xidmətlərin göstərilməsi ilə məşğuldur.

Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi vəzifəsini icra edən və təhsil nazirinin müşaviri Həsən Həsənli deyib ki, beynəlxalq səviyyəli ali təhsil sahəsində təhsilin formaları, tədrisin təşkili, metodologiyası, ümumilikdə, tədrisə yanaşma dəyişməkdədir: “Təhsilin əlçatanlığını təmin etmək üçün keyfiyyətə də diqqət yetirilməlidir. Növbəti illərdə akkreditasiya prosesi həm beynəlxalq praktikaya, həmdə yerli tələb və ənənələrə uyğun formada təşkil olunmalıdır. Bu, Azərbaycanda təhsil alan gənclərin həmin təhsil nəticəsində keyfiyyətli göstəricilərə nail olmaları baxımından vacibdir”.

O həmçinin xatırladıb ki, il ərzində nostrifikasiya ilə əlaqədar Təhsil Nazirliyinə 3570 müraciət daxil olub: “Müraciətçilərin əksəriyyətini MDB-nin müxtəlif ölkələrində (Rusiya Federasiyası, Ukrayna və s.) və Türkiyədə təhsil alanlar, digər əhəmiyyətli hissəsini isə Avropa və Asiya ölkələrinin ali təhsil müəssisələrində oxumuş məzunlar təşkil edir”.

İdarənin Akkreditasiya şöbəsinin müdiri Tofiq Əhmədov bu il akkreditasiya sahəsində görülmüş işlər, ölkədə ali təhsilin keyfiyyətinin təmin olunmasında akkreditasiyanın rolu və digər əlaqəli məsələlər haqqında məlumat verib.

O bildirilib ki, Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş “2017-2018-ci tədris ilində ali təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi qrafiki”nə uyğun olaraq, 8 ali təhsil müəssisəsinin akkreditasiyası keçirilib, “2018-2019-cu tədris ilində ali təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi qrafiki”nə əsasən isə, 12 ali təhsil müəssisəsinin akkreditasiyasının keçirilməsinə başlanılıb.

Daha sonra media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi