Akademik: “TEKNOFEST Azərbaycan” dünyaya iki ölkənin dostluğunu nümayiş etdirir”

Akademik: “TEKNOFEST Azərbaycan” dünyaya iki ölkənin dostluğunu nümayiş etdirir” Türkiyədən kənarda ilk dəfə Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalı iki qardaş ölkə arasındakı dostluq və müttəfiqlik münasibətlərinin sarsılmazlığını bütün dünyaya nümayiş etdirir.
Elm və təhsil
29 May , 2022 09:34
Akademik: “TEKNOFEST Azərbaycan” dünyaya iki ölkənin dostluğunu nümayiş etdirir”

Türkiyədən kənarda ilk dəfə Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalı iki qardaş ölkə arasındakı dostluq və müttəfiqlik münasibətlərinin sarsılmazlığını bütün dünyaya nümayiş etdirir.

Bu fikri “Report”a açıqlamasında AMEA-nın vitse-prezidenti, Akademiyanın “TEKNOFEST Azərbaycan” festivalında iştirakı üzrə İşçi qrupunun sədri, akademik Rasim Əliquliyev səsləndirib.

“Ölkəmizin artıq texnologiya festivalına ev sahibliyi etməsi dövlət başçısının Azərbaycan elminə göstərdiyi xüsusi diqqət və İKT sahəsində apardığı məqsədyönlü siyasətin nəticəsidir”, - akademik bildirib. O, Azərbaycanda texnoloji suverenliyin təmin olunması, yüksək texnologiyaların inkişafı sahəsində aparılan işlər və “ağıllı” infrastrukturun yaradılmasının ölkəmizin bu sahədə əldə etdiyi uğurların nəticəsi olduğunu qeyd edib.

Alim iki qardaş ölkə arasında əlaqələrin inkişafında dövlət başçılarının dostluq münasibətlərinin mühüm rol oynadığını, bütün sahələrdə Türkiyənin göstərdiyi dəstəyin, qarşılıqlı təcrübə mübadiləsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Türkiyə Respublikasının məsul qurumlarının böyük dəstəyi ilə təşkil olunan festivalın ən son trend və texnologiyalar ilə tanış olmaq, gənclərin karyera imkanlarını genişləndirmək və İKT sahəsində qlobal birliyin üzvü olmaq kimi bir sıra imkanlar yaratdığını diqqətə çatdırıb.

Vitse-prezident Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisə və təşkilatlarında uzun illər fundamental və tətbiqi istiqamətlərdə aparılan tədqiqatların nəticəsi olan innovativ məhsulların da “TEKNOFEST Azərbaycan” sərgisində nümayiş olunduğunu qeyd edib. Sərgidə AMEA üçün ayrılmış xüsusi pavilyonda akademiyanın yüksək səviyyədə təmsil olunması üçün qurumun bütün intellektual potensialının cəlb edildiyini vurğulayıb.

R.Əliquliyev böyük tarixi əhəmiyyətə malik olan bu mötəbər tədbirin Türkiyə və Azərbaycan arasında bütün sahələrdə uğurla inkişaf edən əməkdaşlığın elm və yüksək texnologiyalar sahəsində daha da genişləndirilməsi istiqamətində mühüm addımların atılmasına təkan verəcəyinə əminliyini ifadə edib.

Son xəbərlər

Orphus sistemi