Akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunan beynəlxalq konfransı başlayıb

Akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunan beynəlxalq konfransı başlayıb Bakı. 13 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) görkəmli alim, dövlət mükafatı laureatı, əməkdar elm və texnika xadimi, akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunan Neftqazçıxarmada innovativ texnologiyaların və tətbiqi riyaziyyatın müasir problemləri mövzusunda beynəlxalq elmi konfrans işinə başlayıb.
Elm və təhsil
13 Dekabr , 2018 20:43
Akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunan beynəlxalq konfransı başlayıb

Bakı. 13 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) görkəmli alim, dövlət mükafatı laureatı, əməkdar elm və texnika xadimi, akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunan "Neftqazçıxarmada innovativ texnologiyaların və tətbiqi riyaziyyatın müasir problemləri" mövzusunda beynəlxalq elmi konfrans işinə başlayıb.

Bu barədə "Report"a AMEA-dan məlumat verilib.

AMEA, Təhsil Nazirliyi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) birgə təşkilatçılığı ilə baş tutan tədbirdə ABŞ, İsveç, Türkiyə, Rusiya, İran, Səudiyyə Ərəbistanı, Çin və digər ölkələrdən tanınmış alimlər də iştirak edirlər.

İlk olaraq iştirakçılar I Fəxri Xiyabanda akademik Azad Mirzəcanzadənin məzarını ziyarət edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Akademiyanın əsas binasında təşkil olunan tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Akademik Azad Mirzəcanzadənin 90 illik yubileyi haqqında" sərəncamını xatırladan Akif Əlizadə vurğulayıb ki, bu sənəd elmimizə və alimlərimizə dövlət qayğısının daha bir göstəricisidir.

O bildirib ki, akademik Azad Mirzəcanzadə tətbiqi mexanika və neft-mədən işləri üzrə bir sıra yeni istiqamətlərin banisidir. Neftin çıxarılmasında texnoloji proseslərin mexanikası, riyazi fizika metodlarının neft sahəsində tətbiqi ilə bağlı problemlər onun tərəfindən fundamental elmin nəzəri məsələləri səviyyəsində araşdırılıb. AMEA rəhbəri alimin zəngin elmi irsə malik neft-qaz sənayesinin aktual problemlərinin həllinə dair çox sayda qiymətli tədqiqatları ilə Azərbaycan elminə mühüm nailiyyətlər qazandırdığını, onun rəhbərliyi və bilavasitə iştirakı ilə dəniz neft və qaz-kondensat yataqlarının işlənilməsinin fundamental-nəzəri əhəmiyyətli metodlarının hazırlanıb tətbiq edildiyini diqqətə çatdırıb. A.Mirzəcanzadənin 500-ə yaxın elmi məqalənin, 100-ə yaxın monoqrafiya, dərslik, dərs vəsaitinin, eləcə də 50-dən çox ixtira və patentin müəllifi olduğunu söyləyən akademik vurğulayıb ki, görkəmli alimin rəhbərliyi ilə 300-dən çox fəlsəfə doktoru, 120 elmlər doktoru hazırlanıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının təhsil nazirinin müavini, psixologiya üzrə fəlsəfə doktoru Məhəbbət Vəliyeva konfransın əhəmiyyətindən danışıb.

A.Mirzəcanzadənin "Əsl insan birinci özünü, sonra fənnini uşaqlara sevdirməlidir" fikrini xatırladan natiq onun pedoqogika, psixologiya elmlərinin də dərin bilicisi olduğunu qeyd edib. M.Vəliyeva görkəmli alimin həm də gözəl insan olduğunu, şagirdləri və tələbələri tərəfindən hər zaman sevildiyini, onun xatirəsinin daim yaddaşlarda yaşayacağını söyləyib.

Sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə çıxış edib. Akademik Azad Mirzəcanzadənin neft-qaz elminin inkişafında xüsusi xidmətlərinin olduğunu deyən natiq görkəmli alimin neft mədən mexanikasında yeni istiqamətlərin, neftqazçıxarma və işlənmə proseslərində innovativ fikirlərin yaradıcısı olduğunu, onun fundamental elmi görüşlərinin ölkənin hüdudlarından kənarda da böyük şöhrət qazandığını əlavə edib. 

Konfransda çıxış edən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı bildirib ki, səmərəli fəaliyyətinin böyük hissəsini ADNSU ilə bağlayan akademik Azad Mirzəcanzadə hər zaman gənc və perspektivli mütəxəssislərin axtarışında olub. Alimin adının ölkə hüdudlarından kənarda da yaxşı tanındığını deyən rektor əlavə edib ki, onun ideya və kitabları tədris prosesində geniş istifadə olunur. Mustafa Babanlı həmçinin vurğulayıb ki, öz elmi məktəbində 400-dən çox fəlsəfə və elmlər doktoru yetişdirən Azad Mirzəcanzadə Başqırdıstan, Tatarıstan, Qərbi Sibirdə neft və qaz yataqlarının işlənilmə nəzəriyyəsi və praktikası, qeyri-xətti mexanika və tətbiqi riyaziyyatda yeni istiqamətlərin inkişafına təkan verib.

Tədbirdə Rusiya Təbiət Elmlər Akademiyasının vitse-prezidenti, professor Əzizağa Şahverdiyev "Neft yataqlarının işlənmə prosesinin optimallaş­dı­rıl­­ması və neftçıxarmanın artırılmasının innovativ tex­­nologiyaları", Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü Tulparxan Salavatov "Azad Mirzəcanzadə – vətəndaş, pedaqoq, alim, mütəfəkkir" mövzusunda məruzələrlə çıxış ediblər.

Digər çıxış edənlər Azad Mirzəcanzadənin elmi yaradıcılığının əhəmiyyətindən bəhs edib, akademiklə bağlı xatirələrini bölüşüblər.

Sonra çıxış edən akademik Akif Əlizadə bildirib ki, Rusiya Təbiət Elmləri Akademiyası özünün ali mükafatlarından birini akademik Azad Mirzəcanzadənin adına təsis edib və bu medal dünyada azərbaycanlı alimin adına təsis olunmuş ilk beynəlxalq mükafatdır. Qeyd edib ki, Rusiya Təbiət Elmləri Akademiyası "Akademik Azad Mirzəcanzadə beynəlxalq gümüş medalı" ilə ilk olaraq görkəmli neftçi alim Xoşbəxt Yusifzadəni təltif edib. Daha sonra AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyevə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "NeftQazElmiTədqiqatLayihə" İnstitutunun neft və qaz hasilatı üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Bağır Süleymanova və ADNSU-nun Qaz-neft-mədən fakültəsinin dekanı, texnika üzrə elmlər doktoru, professor Qafar İsmayılova "Akademik Azad Mirzəcanzadə adına medal" təqdim olunub.

Tədbir bölmələrdə məruzələrin dinlənilməsi ilə işinə davam edib. Beynəlxalq Konfransa dekabrın 14-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi