Akademik Ağamusa Axundovla vida mərasimi keçirilir - FOTO

Akademik Ağamusa Axundovla vida mərasimi keçirilir - FOTO Mərasimdə akademik Ramiz Mehdiyev iştirak edir
Elm və təhsil
465
7 Sentyabr , 2015 14:57
Akademik Ağamusa Axundovla vida mərasimi keçirilir - FOTO

Bakı. 7 sentyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) görkəmli dilçi və türkoloq alim akademik Ağamusa Axundovla vida mərasimi keçirilir. "Report" xəbər verir ki, vida mərasimində Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, AMEA-nın prezidenti Akif Əlizadə, Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, millət vəkilləri Nizami Cəfərov, Rafael Hüseynov, Abel Məhərrəmov, dövlət və hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyətin və yaxınları iştirak edib.
AMEA-nın prezidenti Akif Əlizadə bildirib ki, Azərbaycan elminə böyük itki üz verib: “Ağamusa Axundov Azərbaycan filologiya elminin klassiki idi. O böyük elmi məktəb yaratmışdı. O təkcə alim deyildi, həm də böyük ziyalı idi”.
Akademik İsa Həbibbəyli Ağamusa Axundovun bir neçə elmi məktəbin yaradıcısı və banisi olduğunu deyib. O bildirib ki, Ağamusa Axundov yalnız dil sahəsində deyil, ədəbiyyatşünaslıq sahəsində də böyük işlər görüb: “Onun dilçilik məktəbinin onlarla davamçıları var. Ağamusa müəllim Azərbaycan elminin beynəlxalq əlaqələrinə böyük töhfələr verib”.
Mərhum II Fəxri Xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, Ağamusa Axundov 1932-ci il fevralın 2-də Kürdəmir şəhərində anadan olub.