ADU-da Konfutsi İnstitutu açılacaq

ADU-da Konfutsi İnstitutu açılacaq Çinin “Ququn” muzeyinin direktoru Şan Di Syanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
Elm və təhsil
30 Mart , 2016 19:35
ADU-da Konfutsi İnstitutu açılacaq

Bakı. 30 mart. REPORT.AZ/ Bakıda səfərdə olan Çinin “Ququn” (“Qadağan şəhər”) muzeyinin direktoru Şan Di Syanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Dillər Universitetində (ADU) görüş keçirilib.

Universitetdən "Report"a verilən məlumata görə, görüşdə ADU-nun rektoru vəzifəsini icra edən, professor Dünyamin Yunusov bu ali təhsil müəssisəsinin tarixi və beynəlxalq əlaqələri haqqında məlumat verib. O, burada 22 dilin tədris olunduğunu, 17 dil və mədəniyyət mərkəzinin, o cümlədən Çin dili və mədəniyyəti mərkəzinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Professor D.Yunusov, eyni zamanda, Azərbaycanda nəşr olunan ilk milli Çin dili dərsliyinin məhz ADU-da Çin dili və mədəniyyəti mərkəzi tərəfindən hazırlandığını, bu ali məktəbdə Konfutsi İnstitutunun açılacağını söyləyib. ADU-nun regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin çinşünaslıq ixtisasında təhsil alan 10 tələbənin hazırda Çinin Şenyan Pedaqoji Universitetində təhsilini davam etdirdiyi bildirilib.

Şan Di Syan rəhbərlik etdiyi muzey haqqında geniş məlumat verib. Qonaq görüşdən sonra ADU-nun tələbələri qarşısında məruzə ilə çıxış edəcəyini bildirib və bu şəraiti yaratdıqlarına görə universitet rəhbərliyinə minnətdarlığını çatdırıb.

Görüşdə, həmçinin əməkdaşlığın perspektivləri, əlaqələrin inkişafı, birgə layihələrin həyata keçirilməsi məsələləri ilə bağlı müzakirələr aparılıb. Təhsil sahəsində əməkdaşlığın Azərbaycan-Çin münasibətlərinin inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub.

Çin dili və mədəniyyəti mərkəzi tərəfindən hazırlanan ilk milli Çin dili dərsliyi, eyni zamanda, ADU-nun sabiq rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun rəhbərliyi ilə hazırlanmış, Çin və Azərbaycan dillərində nəşr olunan “İlham Əliyev – iki qədim xalqın dostluğunun davamçısı” kitabı qonaqlara təqdim edilib.

Sonra qonaqlar universitetin Çin dili və mədəniyyəti mərkəzi ilə tanış olub, müəllim və tələbələrlə görüşüblər.

Son xəbərlər

Orphus sistemi