İyunun 9-da ADA Universitetində keçirilən 8-9-cu sinif şagirdləri arasında Akademik Məqsədlər üçün V İngilis Dili Olimpiadasının qalibləri elan olunub.
Bu barədə “Report”a universitetdən məlumat verilib.
Bildirilib ki, 2015-ci ildə ADA Universitetinin “Fokus” tələbə klubunun təşəbbüsü kimi başlayan Olimpiadanı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Bakı Təhsil İnformasiya Mərkəzi, “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil mərkəzi MMC, “Students Travel International” təşkilatı və Bakı Şəhəri üzrə Təhsil İdarəsi dəstəkləyib.
Olimpiadada respublika üzrə 409 məktəbdən 1096 yuxarı sinif şagirdi iştirak edib.
Olimpiadanın birinci mərhələsi mayın 9-da ADA Universitetində keçirilib. Bu mərhələdə iştirakçılar ingilis dilinin qrammatikası və oxu qabiliyyətinə dair 50 yazılı sualı cavablandırıblar. 119 şagird müvəffəqiyyətlə ikinci mərhələyə keçib. ADA Universitetində ikinci mərhələdə isə yazı və dinləmə qabiliyyətindən yarış olub.
Qaliblərin mükafatlandırılma mərasimində çıxış edən ADA Universitetinin Akademik işlər üzrə prorektoru Vəfa Kazdal bildirib ki, ingilis dili müasir zamanda dünyaya açılmaq üçün bir vasitədir və bu ingilis dili olimpiadasında iştirak etmək olimpiadada qalib olmağa bərabərdir.
Mərasimdə çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Bakı Təhsil-İnformasiya Mərkəzinin direktoru Günay Massimova, Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva, “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin direktoru İsa Qasımov, “Student Travel International” təşkilatının üzvü Fidan Orucova bütün yüksək nəticə göstərmiş məktəbliləri, onların ailə üzvlərini və təmsil etdikləri məktəblərin nümayəndələrini təbrik edib.
Qeyd olunub ki, keçirilən Olimpiada məktəblilərin ingilis dilini yüksək səviyyədə mənimsəmələri üçün böyük təkan olub.
Nəticələrə görə, 3-cü yerin sahibi Bakı Slavyan Universitetinin məktəb lisey kompleksinin şagirdi Ayza Tağıyeva tablet ilə mükafatlandırılıb. 2-ci yerin sahibi Bakı şəhəri Landau məktəbinin şagirdi Mədinə Abdullayeva noutbuk əldə edib.
Olimpiadanın əsas qalibi Avropa liseyinin şagirdi Cavid Musayev isə Böyük Britaniyanın “Britaniya Yay Məktəbi” proqramında bir həftəlik “Gələcəyin akademikləri” kursunda ödənişsiz iştirak etmək imkanı qazanıb.