Abşeron rayonunun Xırdalan şəhərindəki 11 nömrəli tam orta məktəbin yeni binasının istifadəyə verilməsi şagird sıxlığını aradan qaldıracaq.
"Report"un yerli bürosunun xəbərinə görə, bu barədə təhsil olacağına təşkil olunan mediaturda məlumat verilib.
Tədbirdə Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəsmiləri, ictimaiyyət təmsilçiləri və jurnalistlər iştirak ediblər.
Bildirilib ki, 4 mərtəbə, 6 korpusdan ibarət məktəb Prezident İlham Əliyevin tapşırığı əsasında tikilib. Burada 2000 şagird təhsil alacaq. Burada 74 sinif, 6 informatika otağı, 2 məktəbəqədər hazırlıq otağı, 8 otaqdan ibarət STEAM Mərkəzi, 2 idman zalı, 2 əmək otağı, hərbi hazırlıq, xarici dil, musiqi, rəsm, tibb otaqları, fizika və biologiya kabinetləri, kimya laboratoriyası, kitabxana, yeməkxana və 400 nəfərlik akt zalı yaradılıb.
Məlumata görə, Abşerondakı məktəblərdə şagird sıxlığı var və yeni məktəb də bu problemi aradan qaldıracaq. Bu da valideyn və şagirdlər üçün sevindirici haldır.
Qeyd edək ki, Prezident İlham Əliyev sentyabr ayının 12-də Xırdalan şəhər 11 nömrəli tam orta məktəbin yeni binasının açılışında iştirak edib.