Bakı. 15 yanvar. REPORT.AZ/ ABŞ-ın Hyuston Universitetinin rektoru, xanım Renu Xatur Bakı Ali Neft Məktəbində olub.
Bu barədə "Report"a Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun dəvəti ilə Azərbaycanda səfərdə olan ABŞ-ın Hyuston Universitetinin rektoru və prezidenti Renu Xatur və rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində Fəxri Xiyabanda Ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər. Daha sonra onlar BANM-də bir sıra görüşlər keçiriblər.
Qonaqları Azərbaycanda və Bakı Ali Neft Məktəbində görməkdən məmnunluğunu ifadə edən rektor E.Qasımov Azərbaycanla ABŞ arasında olan əlaqələrin tarixindən danışıb. E.Qasımov 1976-cı ildən qardaşlaşmış şəhərlər olan Bakı və Hyuston arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. O, BANM-in yaranma tarixi, fəaliyyəti, məqsədləri və qısa zamanda əldə etdiyi uğurları haqqında qonaqlara geniş məlumat verib. E.Qasımıov BANM və Hyuston Universiteti arasında Neft-qaz mühəndisliyi, Kimya mühəndisliyi ixtisasları üzrə qarşılıqlı əməkdaşlığın qurulmasında və bu əməkdaşlıq çərçivəsində tələbə və mütəxəssislərin mübadiləsi, tədris proqramlarının hazırlanması və tətbiqi, birgə tədqiqatların aparılması və digər məsələlər üzrə fəaliyyət göstərilməsində maraqlı olduğunu qeyd edib.
Öz növbəsində, ABŞ-ın Hyuston Universitetinin rektoru və prezidenti Renu Xatur Azərbaycana ilk dəfə səfər etdiyini xatırladıb və bu dəvət üçün BANM-in rektoru E.Qasımova öz dərin təşəkkürünü bildirib. O, təhsil əlaqələrinin ölkələrarası münasibətlərin inkişafında mühüm əhəmiyyət daşıdığını deyib.
Görüşdə, eyni zamanda, BANM və Hyuston Universiteti arasında gələcək qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.
Birgə magistr hazırlığı ilə bağlı hər iki ali məktəb arasında razılaşma protokolu imzalanıb.
Sonra ABŞ-ın Hyuston Universitetinin rektoru və prezidenti Renu Xatur BANM-in professor-müəllim heyəti və tələbələri ilə görüş keçirib. Görüşdə Hyuston Universiteti haqqında tələbələrə geniş məlumat verilib, universitetin professor-müəllim heyətinin, dünyaca tanınmış və təcrübəli elmi işçilərinin bir çoxunun Nobel və Toni mükafatçıları olduqları qeyd olunub. R. Xatur rəhbərlik etdiyi Universitetin tələbələrinin etnik tərkibinin müxtəlifliyinə görə ABŞ-da ikinci ən böyük universitet olduğunu və burada təhsil alan tələbələrin ümumi sayının 40.750 nəfər təşkil etdiyini tələbələrin diqqətinə çatdırıb.
Sonda Hyuston Universitetinin rektoru Renu Xatura Bakı Ali Neft Məktəbinin “Fəxri Qonaq” diplomu təqdim edilib.
Səfər çərçivəsində qonaqlar üçün Bakının tarixi və müasir mədəni yerlərinə səfərlər, həmçinin BANM-in tikilməkdə olan yeni kampusu və Bibiheybət neft mədənləri ilə tanışlıq təşkil olunub.