ABŞ səfirliyi GIPA jurnalistika üzrə magistr proqramını elan edir

ABŞ səfirliyi GIPA jurnalistika üzrə magistr proqramını elan edir ABŞ səfirliyi Gürcüstanın İctimai Əlaqələr İnstitutunun (GİPA) Azərbaycan vətəndaşları olan namizədləri arasında Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin (QJMİM) jurnalistika və media əlaqələri üzrə magistr proqramına tələbə qəbulunu elan edir.
Elm və təhsil
13 Mart , 2022 18:55
ABŞ səfirliyi GIPA jurnalistika üzrə magistr proqramını elan edir

ABŞ səfirliyi Gürcüstanın İctimai Əlaqələr İnstitutunun (GİPA) Azərbaycan vətəndaşları olan namizədləri arasında Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin (QJMİM) jurnalistika və media əlaqələri üzrə magistr proqramına tələbə qəbulunu elan edir.

Səfirlikdən "Report"a verilən məlumata görə, proqram üzrə dərslər ABŞ, Avropa Birliyi, Gürcüstan və Azərbaycandan olan müəllimlər tərəfindən aparılır. Bu proqram ABŞ-ın Dövlət Departamenti tərəfindən maliyyələşdirilir. Ümumilikdə proqramın məqsədi Qafqazda medianın gücləndirilməsidir.

Beş və ya altı azərbaycanlı namizəd 2022-ci ilin sentyabrından 2024-cü ilin iyununa qədər dörd semestr ərzində təklif olunacaq proqram üçün seçiləcək.

Jurnalistika, media, kommunikasiya, qrafika, fotojurnalistika, məzmunun işlənib hazırlanması və digər əlaqəli sahələrlə maraqlanan tələbələr müraciət edə bilər. Tələbələr 2022-ci ilin sentyabr ayından 2023-cü ilin dekabr ayına kimi Tbilisi şəhərində GİPA-da oxuyacaqlar. 2024-cü ilin may ayında isə onlar diplom işlərini müdafiə etmək üçün yenidən instituta qayıdacaq. GİPA-da təhsil aldıqları zaman tələbələrin kompyuter, radio və video avadanlıqlardan, internet və zəngin kitabxanadan istifadə etmək imkanları olacaq. Proqram çərçivəsində tələbələr Brosse Street Journal adlanan jurnalın həm çap, həm də internet versiyasını hazırlayacaq və GİPA FM radiosu vasitəsilə xəbər proqramlarını yayımlayacaq.

Çap və teleradio yayımı mediası nümayəndələri üçün nəzərdə tutulan tədris planı praktiki yanaşma və əldə edilmiş təcrübə prinsipləri üzərində qurulub və faktlara əsaslanan peşəkar xəbərin çatdırılmasını nəzərdə tutur. Burada, həmçinin idarəçilik üsullarına, iqtisadiyyat və hüquq fənlərinin tədrisinə də diqqət ayrılacaq.

Müsabiqədən keçmək üçün namizədlərdən yüksək səviyyədə ingilis dili biliyi tələb olunur. ABŞ-ın Bakıdakı səfirliyi ehtiyacı olan tələbələrin Gürcüstanda oxuduğu müddətdə təhsil və yaşayış xərclərini maliyyələşdirəcək. Qəbul üçün prosedur: Azərbaycan-Amerika qəbul komissiyası üzvlərinin Bakıda keçirəcəyi müsahibədən uğurla keçmək.

Sənədlərin qəbulu üçün son tarix 01 may 2022-ci ildir.

Əlavə məlumat əldə etmək və ya sənədlərin göndərilməsi üçün

Mehdi Hüseynquluyev, proqramın yerli koordinatoru (elektron ünvan: [email protected]) ilə əlaqə saxlayın.

Nəzərə alın ki, e-poçtunuzdakı mövzu sətrində yazılmalıdır: GIPA-2022

GIPA proqramına tələb olunan sənədlərin siyahısı:

1. Ərizə forması

2. Tövsiyə məktubları

3. Təhsil məqsədləri haqqında bəyanat

4. Diplomların surəti*

5. Diplom əlavələri

6. Şəxsiyyət vəsiqəsinin və ya pasportun surəti

* Qeyd: 2022-ci ildə universiteti bitirmiş, lakin diplomlarını vaxtında ala bilməyən məzunlar proqramda iştirak edə bilərlər. Onların 15 avqust 2022-ci il tarixinədək diplomlarını qəbul komissiyasına təqdim etməsi şərtdir.

Əlavə məlumat və GİPA Jurnalistika üzrə magistr proqramının ərizə formasını əldə etmək üçün aşağıdakı linklərdən istifadə edə bilərsiniz:

https://drive.google.com/file/d/1LbG4xgC2aNNrv1axgjy7O-nvF4N-Kb9h/view?usp=sharing

Əsası 1994-cü ildə qoyulan Gürcüstanın İctimai İşlər İnstitutu özəl tədris ocağı olmaqla Qafqazda demokratik və bazar islahatlarına dəstək olmaq üçün yüksək ixtisaslı ictimai qulluqçular və jurnalistlər yetişdirən institutdur. Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbi 2001-ci ildə jurnalistika və media idarəçiliyi sahəsi üzrə tədris və təlim proqramları vasitəsilə Qafqazda müstəqil medianın inkişafını dəstəkləmək məqsədilə yaradılıb. İnstitutun prinsiplərinə əsasən dəqiq və qərəzsiz xəbərin çatdırılması ənənəsində təlim görmüş jurnalistlər işlədikləri yerdə jurnalistikanın səviyyəsini qaldırır, dəqiq məlumat verməklə və peşə standartlarını yüksəkdə tutmaqla cəmiyyətə xidmət göstərir.

İnstitutun açıldığı vaxtdan bəri ingilisdilli regional proqramı bitirərək 200-ə yaxın məzun jurnalistika və media əlaqələri üzrə magistr dərəcəsi əldə etmişdir. İnstitutun Azərbaycandan olan məzunları yerli media sahəsində lider vəzifələrdə çalışırlar. Onların 85% hazırda müxtəlif sahələrdə çalışır. Bizim məzunlar hazırda fəaliyyət göstərdikləri televiziya, radio və qəzetlərdə dəqiqlik, qərəzsizlik, müstəqillik kimi prinsipləri ilə tanınmış jurnalistlərdir.

Son xəbərlər

Orphus sistemi