700 bal toplayan abituriyent: “BANM Azərbaycanda ən yüksək reytinqli təhsil müəssisələrindən biridir”

700 bal toplayan abituriyent: “BANM Azərbaycanda ən yüksək reytinqli təhsil müəssisələrindən biridir” Abdulla Əsgərzadə: "Seçdiyim ixtisasın bütün incəliklərinə yiyələnərək bu sahədə uğurlar qazanmaq arzusundayam"
Elm və təhsil
19 İyun , 2017 11:38
700 bal toplayan abituriyent: “BANM Azərbaycanda ən yüksək reytinqli təhsil müəssisələrindən biridir”
BANM

Bakı. 19 iyun. REPORT.AZ/ Qəbul imtahanında 700 bal toplayan abituriyent Abdulla Əsgərzadə Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinin suallarını cavablandırıb. 

"Report" həmin müsahibəni təqdim edir: 

Qeyd edək ki, Əsgərzadə Abdulla Sahib oğlu 2000-ci il avqustun 25-də Gəncədə anadan olub. Orta təhsilini 2006-2012-ci illərdə Gəncə şəhəri 31 saylı məktəbdə alıb. Daha sonra Gəncə Azərbaycan-Türkiyə özəl liseyinə (hazırda Gəncə İstək liseyi) qəbul üçün keçirilən imtahanda 1-ci yerə çıxaraq pulsuz oxumaq imkanı qazanıb. Bu liseydə oxuduğu zaman müxtəlif tədbirlərdə, bilik yarışlarında, yay məktəblərində iştirak edib. Məktəbdə keçirilən müxtəlif bilik yarışlarında, şahmat, voleybol yarışlarında qalib gəlib. Dövlət İmtahan Mərkəzinin (DİM) 2017/2018-ci tədris ili üzrə keçirilən qəbul imtahanında 700 bal toplayıb. O, BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını seçəcəyini bildirib. 

- 700 ballıq nəticəni nələrin sayəsində əldə edə bilmisən? Necə düşünürsən, bunun üçün xüsusi istedad olmalıdır, yoxsa burada şans hansısa rol oynayır?

- Bu nəticəni əldə etmək üçün ibtidai sinifdən başlayaraq yaxşı oxumaq lazımdır. Bunun sadəcə bir şans olması mümkün deyil. Lakin 1-2 sual mexaniki səhv də ola bilərdi, amma burada şansım gətirdi.

- Qəbul imtahanı necə keçdi? İmtahandan əvvəl və imtahandan sonra əsasən nələr yaddında qalıb?

- Qəbul imtahanı obyektiv keçdi. İmtahandan əvvəl həyəcanım vardı, amma sual kitabçasını əlimə alandan sonra yalnız suallar üzərində işləməyə başladım, daha heç bir şey fikirləşmədim. Suallar asan idi, bir saata bütün sualları qurtardım sonra dəfələrlə yoxladım və kodlaşdırdım. Səhfim olacağına inanmırdım, amma yenə də həyəcan vardı.

- Niyə məhz bu ixtisası və BANM-i seçdin?

- Hələ 10-cu sinifdə oxuyanda 1-ci qrupa imtahan vermək qərarına gəldim. Həmin dövrdən də BANM-i seçməyi nəzərdə tutmuşdum. BANM Azərbaycanda yüksək reytinqli təhsil müəssisələrindən biridir və eşitdiyimə görə burada beynəlxalq tələblərə uyğun, yüksək səviyyəli tədris həyata keçirilir. İxtisasa gəlincə dəqiq elmlərə, xüsusən fizika və riyaziyyata marağım çox olduğundan fikirləşirəm ki, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını seçərək öz bilik və bacarığımı bu sahədə göstərə biləcəm.

- Ən böyük arzun nədir?

- Arzular sözsüz ki çoxdur. Ən böyük arzularımdan biri də mükəmməl təhsil alıb, yaxşı bir mütəxəssis kimi yetişməkdir.

- Özünü gələcəkdə harada görürsən və gələcək üçün planların hansılardır?

- Bakalavr təhsilimi BANM-də alıb, magistra təhsilimi isə xaricdə davam etdirmək niyyətindəyəm. Seçdiyim ixtisasın bütün incəliklərinə yiyələnərək bu sahədə uğurlar qazanmaq arzusundayam.

Son xəbərlər

Orphus sistemi