299 nömrəli məktəb-liseydə “Son zəng” tədbiri keçirilib

299 nömrəli məktəb-liseydə “Son zəng” tədbiri keçirilib Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri də iştirak edib
Elm və təhsil
14 İyun , 2017 15:18
299 nömrəli məktəb-liseydə “Son zəng” tədbiri keçirilib

Bakı. 14 iyun. REPORT.AZ/ Paytaxtda yerləşən 299 nömrəli məktəb-liseydə “Son zəng” tədbiri keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) "Report"a verilən məlumata görə, tədbirdə BŞTİ müdiri Məhəbbət Vəliyeva, idarənin əməkdaşları, YAP Binəqədi Rayon Təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, məktəb rəhbərliyi, sabiq məzunlar, valideyn və şagirdlər iştirak ediblər.

“Son zəng” tədbiri Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Məktəbin direktoru Solmaz Kazımova məzunlara gələcək həyatlarında uğurlar diləyib. Çıxışı zamanı direktor şagirdlərin yerli və beynəlxalq olimpiadalarda əldə etdikləri uğurlardan danışıb. S.Kazımova bildirib ki, məktəbdə 2042 şagird təhsil alır. Onlardan 64 nəfəri bu il məzun adını qazanır.

Tədbirdə çıxış edən Məhəbbət Vəliyeva “Son zəng” münasibətilə onbirinciləri təbrik edib, onlara müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzulayıb.

Məzunların həyatında yeni mərhələnin açıldığını deyən idarə müdiri onların hər birinin müstəqil Azərbaycanın vətəndaşı olaraq Azərbaycanın gələcək inkişafı naminə həyata keçiriləcək proseslərdə fəal iştirak edəcəklərinə inandığını bildirib.

Tədbirdə çıxış edən digər qonaqlar məzunlara bundan sonra qədəm qoyacaqları müstəqil həyatlarında müvəffəqiyyətlər arzulayıb və onlara olan etimadı hər zaman doğrultmağı tövsiyə ediblər.

Mərasim şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib.

Həmçinin, tədris ili ərzində keçirilən müxtəlif müsabiqələrdə qalib olmuş şagirdlərə Fəxri fərman və diplomlar verilib.

Tədbirdə simvolik “Bilik açarı” məzunlar tərəfindən X sinif şagirdlərinə təqdim olunub. Sonda “Son zəng” çalınıb, səmaya əlvan şarlar buraxılıb.

Son xəbərlər

Orphus sistemi