Yüksək dağlıq ərazilərdə aparılan qarölçmə işləri başa çatıb

Yüksək dağlıq ərazilərdə aparılan qarölçmə işləri başa çatıb Qarölçmə işləri respublika ərazisində 4 istiqamət üzrə əvvəlcədən müəyyən edilmiş 23 qarölçmə marşrutunda aparılıb və müvəffəqiyyətlə tamamlanıb.
Ekologiya
18 Mart , 2019 15:37
Yüksək dağlıq ərazilərdə aparılan qarölçmə işləri başa çatıb

"Qarölçmə işləri respublika ərazisində 4 istiqamət üzrə əvvəlcədən müəyyən edilmiş 23 qarölçmə marşrutunda aparılıb və müvəffəqiyyətlə tamamlanıb".

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli hidrometeorologiya departamentinin direktor müavini Əkbər Əsgərov deyib.

Onun sözlərinə görə, periodik olaraq hər il mart ayında, yaz-yay gursululuğu dövründə çayların axımının proqnozlaşdırılması məqsədilə Böyük və Kiçik Qafqazın çay hövzələrində qar ehtiyatları hesablanır, qar örtüyünün hündürlüyü, qarın çəkisi və sıxlığı üzərində müşahidələr aparılır, qarın sululuğu müəyyən edilir.

Qarölçmə ekspedisiya qrupunun rəhbəri Asif Verdiyev bildirib ki, qarölçmə marşrutları Böyük və Kiçik Qafqazda, müvafiq olaraq, 580-2920 metr və 1000-3000 metr yüksəklikləri əhatə edib: "Hazırda bütün marşrutlar üzrə hesablama işləri aparılır. Hesablama işləri başa çatdıqdan sonra qar ehtiyatları və gursululuq dövründə fəsillik hava proqnozu haqqında məlumatlara əsaslanaraq gursululuq dövründə iri su anbarlarına (Şəmkir, Mingəçevir, Araz və s.) Kür, Araz və Qanıx tranzit çayları ilə daxil olacaq axının və yerli dağ çaylarının sululuğunun proqnozu tərtib edilərək müvafiq qurumlara təqdim olunacaq. Ötən ilə nisbətən Kiçik Qafqaz, Daşkəsən və Göygöldə qar ehtiyatı daha çox olub".

Ekspedisiya qrupunun üzvü Ramil Qədirov isə vurğulayıb ki, ölçü işləri Böyük Qafqazın Balakən-Zaqatala, Qax-Şəki, Oğuz-Qəbələ, Quba-Qusar rayonlarının ərazisindən axan çayların və Kiçik Qafqazın Daşkəsən-Gədəbəy-Göygöl rayonlarının ərazisindən axan çayların hövzələrində aparılıb.

Qeyd edək ki, ölçü işləri əvvəlki illərə nisbətən daha geniş formatda təşkil olunub. Departamentin yerli və regional qurumlarından cəlb olunmuş 15 nəfər mütəxəssisin iştirakı ilə təşkil olunmuş ekspedisiyalar 12 gün davam edib. 

Son xəbərlər

Orphus sistemi