Bakı. 10 noyabr. REPORT.AZ/ Atmosferdə istixana qazlarının səviyyəsi yeni rekord həddə çatıb. Bu davam edərsə, planetdə xoş olmayan və gələcək nəsillərin həyatı üçün təhlükəli mühit formalaşacaq. "Report" xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) bəyanatında məlumat verilir.
ÜMT son bülletenində xəbər verir ki, 1990-2014-cü illər aralığında uzunömürlü istixana qazlarına görə, planetə radiasion təsir 36 faiz artıb. Söhbət sənaye və kənd təsərrüfatı fəaliyyəti nəticəsində atmosferə düşən karbon dioksid, metan və azotlu oksidin təsirindən gedir.
ÜMT araşdırmaları göstərir ki, karbon dioksidin, sadə dillə desək, karbon qazının (CO2) artımı gələcəkdə istilik enerjisinin qeyri-proporsional yüksəlməsinə və su buxarı vasitəsi ilə planetdə istiləşmənin daha da artmasına gətirib çıxaracaq. 2014-cü ildə atmosferdə CO2 konsentrasiyası 397,7 propromille (ppm), şimal yarımkürəsində isə 400 ppm təşkil edib.
Ekspertlər CO2 və digər istixana qazlarının artıq enerjisinin Yer səthinin üst qatını isitdiyini və nəticədə atmosferdə su buxarı yaratdığını qeyd edib. Bu zaman planetdə qlobal istiləşmə prosesi daha yüksək sürət alır.