Bakı. 21 sentyabr. REPORT.AZ/ "Toz dumanlı hava şəraiti ən çox Abşeron yarımadasında müşahidə olunur".
"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji marifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva sentyabrın 21-də keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli "Qaynar xətti"nə toz-dumanlı hava ilə bağlı çoxsaylı müraciətlər daxil olur: "Toz dumanlı havanın bir neçə səbəb mövcuddur. Bu həm regionda, yəni qonşu ölkələrdə olan meteoroloji-sinoptik şəraitlə bağlı ola bilər, həm də yerli, lokal xarakter daşıya bilər. Təbii proseslər zamanı ölkə ərazisinə səhralardan hava axınları ilə tozun daxil olması müşahidə edilir. Bu proseslər, adətən, quraq keçən ilin isti dövrü üçün səciyyəvidir. Orta Asiyada, Türkmənistanda, ya da İranda, İraqda, Suriyada güclü toz burulğanları müşahidə olunduqda, toz-duman orta troposferdə davamlı olaraq şərq, cənub-şərq və cənub axınları ilə Azərbaycana daxil olur. Burada söhbət yer səthində müşahidə olunan küləyin istiqaməti və sürətindən getmir, orta troposferdə hava axınlarının istiqaməti və sürəti yer səthində olan küləklərin istiqamətindən fərqli ola bilər. Mütəxəssislərimiz bu prosesləri vizuallaşan peyk sistemi vasitəsi ilə izləyərək səbəbləri açıqlayırlar".
Şöbə müdiri qeyd edib ki, Azərbaycanda bu hadisələr ən çox Abşeron yarımadasında qeyd olunur: "Maraqlı fakt ondan ibarətdir ki, görünüşün pisləşməsi birinci açıq dənizdə yerləşən Neft Daşları hidrometeoroloji stansiyamızda, sonra isə quruda yerləşən stansiyalarda qeydə alınır. Təbii toz-duman proseslərindən fərqli olaraq antropogen səbəblərdən yaranan hadisələrin əhatəsi daha lokal olur, yerli xarakter daşıyır. Çirklənmə mənbəyinə yaxın olan ərazilərdə tozların təsir dairəsi daha çox olur.
Hazırda yerli toz-duman hadisələri insan fəaliyyəti nəticəsində həm tikinti, həm də daş karxanalarının fəaliyyətləri zamanı ekoloji və tikinti qaydaların pozulması nəticəsində baş verir".