Bakı. 24 may. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin İctimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyevanın "Report"a müsahibəsi.
- Ekologiya və Təbii Sərvətlər Nazirliyindəki işinizdə ayrılmışdınız. Nazirliyə nə vaxt qayıtdınız?
- Bəli, üç il elmi fəaliyyətimlə bağlı olaraq Azərbaycan Milli Elmlər Akademiyasında işlədim, mənim üçün çox səmərli bir dövr oldu. Bu müddət ərzində tədqiqat işi apardım, xaricdə nüfuzlu jurnallarda məqalələrim çap olundu. May ayının 3-dən nazirliyə keçməyimlə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasındakı işimdən ayrılmışam. Amma elmi fəaliyyətimi davam etdirirəm, dayandırmamışam. Çünki elmi işimin istiqaməti mənə maraqlı olan, sevdiyim sahəyə, iqlim dəyişmələri və iqlim dəyişmələrinin Azərbaycanda təzahürləri ilə bağlıdır.
- Siz nazirliyin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunda çalışmısınız, bu qurumun direktoru kimi yaddaşlarda qalmısınız. Yenidən həmin işinizə qayıtmaq istəyirsinizmi?
- O sahə mənə maraqlı olan, sevdiyim sahədir. Hələlik elə bir plan yoxdur. Amma Proqnozlar Bürosunun işində də yaxından iştirak etməyə çalışacam.
- Dediniz ki, elmi işinizin mövzusu iqlim dəyişmələridir. Maraqlıdır, iqlim dəyişikliyinin Azərbaycana təsiri özünü necə göstərir?
- Bütün dünyada olduğu kimi, Azərbaycana da qlobal iqlim dəyişmələri təsir edib. Bunu hər kəs gündəlik həyatında hiss edir. Məsələn, yay fəslində istilərin davamlıllığı və intensivliyi artıb. Havanın temperaturunun 35 dərəcədən yüksək olduğu günlərin sayı ötən əsrin 90-cı illəri ilə müqayisədə xeyli artıb. Bu kimi hadisələr iqlim dəyişmələrinin riskləridir.
- Fəaliyyətə başladığınız Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsi hansı işləri görür?
- Nazirliyin və eynilə də bizim şöbənin məqsədi ekoloji istiqamətdə fəaliyyət göstərən bütün təşkilatları (hökumət və qeyri-hökumət), alimlərin, ayrı-ayrı insanların gücünü birləşdirmək və ətraf mühitin qorunmasına səfərbər etməkdir. Ekoloji problemlərin həll edilməsi dövlət başçısının daim diqqət mərkəzində saxladığı məsələdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də öz işini dövlətin qoyduğu siyasətə uyğun həyata keçirir. Nazirliyimizin siyasətinin prioritetlərindən biri cəmiyyətimizə, insanlarımıza açıq olmaqdır. Bizim üçün fərq etmir bu qlobal və yaxud ölkəni əhatə edən, ya da ancaq bir şəxsə aid problemdir. Biz bütün əhalini narahat edən problemlərlə maraqlanacağıq və onların həllinə çalışacağıq. Ətraf mühitlə bağlı istər qlobal problemlər, istər bir insanı narahat edən problem bizim üçün əhəmiyyət kəsb edir. Bizim məqsəd və vəzifəmiz ölkə vətəndaşlarına ətraf mühitimizin qorunmasının vacibliyini çatdırmaq, insanları bu istiqamətdə fəal iştiraka cəlb etməkdir. Bununla yanaşı təbiətimizə biganə olan, ziyan verən, öz şəxsi maraqlarını cəmiyyətin maraqlarından üstün tutanlara qarşı amansız mübarizə aparmaq vacibdir. Hamı bilməlidir ki, bizim ətraf mühitin qorunması tək dövlətin yox, həm də cəmiyyətimizin, bütün xalqımızın işidir. Təbiətə humanist münasibətin təbliği qarşımızda duran əsas vəzifələrdən biridir. Nazirliyin əməkdaşları mütəmadi olaraq həm məktəblərdə, həm də ali təhsil ocaqlarında görüşlər keçirir, müxtəlif ekoloji problemlər ətrafında müzakirələr təşkil edir. Ətraf mühitin mühafizəsinə həsr edilmiş plakat və bukletlər şagird və tələbələrə təqdim olunur. Ümumiyyətlə, gənc nəslin bu hərəkatda geniş iştirakı, ətraf mühitin qorunması sahəsində aktiv vətəndaşlıq mövqeyinin nümayış edtirilməsi böyük əhəmiyyət kəsb edir. Bildiyiniz kimi, son vaxtlar nazirliyin fəaliyyəti barədə məlumatların geniş ictimaiyyətə çatdırılması məqsədi ilə müntəzəm olaraq görüşlər, mətbuat konfransları təşkil olunur. Bu təcrübə gələcəkdə də davam etdiriləcək. İctimaiyyətimizi narahat edən ən aktual problemlərlə bağlı açıqlamalar ictimaiyyətə çatdırılacaq. KİV-lərin dəstəyi vacibdir. Siz olmasanız işlərimizi, planlarımızı vətəndaşlarımıza çatdıra bilmərik.
- Qeyd etdiyiniz işləri həyata keçirmək üçün işlədiyiniz şöbədə neçə işçi çalışır?
- Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsində 2 sektor var. İctimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunda 4, Mətbuatla iş sektorunda 3 nəfər çalışır.
- Gələcəkdə heyətin artması planlaşdırılırmı?
- Xeyr, planlaşdırılmır. Nazirlikdə bu yaxınlarda nazir Muxtar Babayevin təşəbbüsü ilə Gənclər Şurası yaradılıb. Şurada nazirliyin hər bir departamentindən fəal gənclər təmsil olunur. Onların hər biri öz sahəsində savadlı və perspektivli gənclərdir. Ümid edirik ki, bu gənclər nazirliyin ekoloji maarifləndirmə və təbliğat işlərində aparıcı qüvvə olacaqlar. Onların potensialından, kreativ fikirlərindən də yararlanaraq təbliğat işləri əsasən məktəbli və tələbələr arasında ekoloji maarifləndirmə, ictimaiyyətin ətraf mühitin mühafizəsi sahəsində təşkil olunan tədbirlərdə iştirakının təmin olunması, o cümlədən plakat və bukletlərin hazırlanması istiqamətində aparılacaq.
- Sizcə insanların daha çox hansı istiqamətdə maarifləndirilməsinə ehtiyac var?
- Bildiyiniz kimi ictimaiyyətdə tərbiyənin təməli ailədə qoyulur, yəni analarımızın ekoloji biliklərinin olması daha vacibdir. Bu istiqamətdə sosial çarxların sayı çox olmalıdır, o cümlədən mövcud qanunvericiliyin tələblərinə əməl olunması da hər bir vətəndaşın borcudur. Həmçinin dövlət təşkilatları və QHT arasında əlaqələr genişləndirilməli, ölkə ziyalılarının, ölkədə tanınmış şəxslərin - bu istər elm adamları olsun, istər yazarlarımız, şairlərimiz olsun - KİV-lər vasitəsi ilə cəmiyyətə çağırışları olmalıdır. Cəmiyyətimiz də ətraf mühitin qorunmasına dəstək olsa, qarşımıza qoyulan məqsədə, istədiklərimizə daha tez nail ola bilərik.
- Nazirlikdə və sizin çalışdığınız şöbədə növbəti dövrdə hansı işlərin görülməsi planlaşdırılır? Hansı yenilikləri və dəyişiklikləri görəcəyik?
- Nazirlik ona aid olan bütün istiqamətlər üzrə işlərini davam etdirəcək. Görülən işlərlə bağlı məlumatların daimi olaraq ictimaiyyətə çatdırılması işi də davam edəcək, çünki məqsədimiz ictimaiyyətə maksimum açıq olmaqdır. Bizim şöbənin işinə gəlincə, bir sıra yeniliklər üzərində çalışırıq. Yaxın vaxtlarda yenilikləri görəcəksiniz. Yeniliklərin bir qismi proqnozlarla bağlıdır. Bildiyiniz kimi, son illər hidrometerologiya sahəsində yeni texnologiyalar tətbiq olunur. Bu texnologiyaların məqsədi qlobal iqlim dəyişmələri nəticəsində artan təhlükəli hidrometeroloji əvvəlcədən proqnozlaşdırmaqdırmaqdır. Bizim bu texnologiyalardan istifadə etməkdə məqsədimiz isə gözlənilən təhlükə ilə bağlı əhaliyə, dövlət təşkilatlarına vaxtında xəbər çatdırmaqdır. İctimaiyyyəti gündəlik proqnozlar daha çox maraqlandırır, biz çalışacağıq ki, proqnozlar əhalinin tələbatlarını ödəsin. Çalışacağıq ki, verilən proqnozlar quru, yalnız rəqəmlərdən ibarət olmasın, əhatəli olsun.
- Deməli, bundan sonra hava proqnozları fərqli formada təqdim ediləcək?
- Bəli. Qlobal iqlim dəyişmələrinin regional dəyişmələri nəticəsində isti hava dalğalarının davamiyyəti artır. İnsanlar bu barədə qabaqcadan məlumat almalıdırlar ki, öz işlərini planlaşdıra bilsinlər. Müşahidələr göstərir ki, yay aylarında xəbərdarlıqlarının tətbiqi nəticəsində səhiyyə ocaqlarına günvurma diaqnozu ilə müraciətlərin sayı azalıb. Yəni insanlar məlumatı alan kimi, gözlənilən hadisəyə hazırlıqlı olurlar, özlərini təhlükədən qoruya bilirlər.Hazırda proqnozlar bürosu həftədə iki dəfə yaydığı hava məlumatının tibbi-meteoroloji proqnozverir. Çalışacağıq ki, yay fəslində hər gün meteohəssas insanlar üçün tibbi-meteoroloji proqnoz təqdim edək. Bu məlumatlar hamı üçün, xüsusilə də müəyyən qrup insanlara çox yararlı olacaq. Çünki atmosfer təzyiqinin kəskin tərəddütləri ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlar üçün risklər yaradır.
Çimərliklə bağlı məlumatlar da fərqli formada təqdim olunacaq.
- Məsələn, necə?
- İyun ayının 15-dən etibarən çimərliklər üzrə proqnoz hava haqqında məlumatın içərisində verilməyəcək. Artıq çimərliklərlə bağlı məsələlər ayrı xəbər formasında yayımlanacaq, yalnız dəniz suyunun temperaturu deyil, həmçinin əhaliyə hər gün tövsiyələr veriləcək. Məsələn, hansı çimərlikdə şərait daha əlverişlidir, hansı ərazi daha uyğundur, sabah hansı çimərliyə getmək daha məsləhətlidir. Çalışacağıq ki, yayımladığımız məlumatlar maksimum dərəcədə əhaliyə yararlı olsun. Yəni insaların tələbatlarını ödəyən formada məlumatlarımızı çatdırmağa çalışacağıq.
Hazırda dəniz suyunun çirklənməsi ilə bağlı monitorinqlər aparılır. Monitorinqlər bitəndən sonra nəticələr ilə bağlı geniş məlumatlar ictimaiyyətlərə açıqlanacaq.