Tullantılara ciddi yanaşma: zibildən necə pul qazanmaq olar? - RƏY

Tullantılara ciddi yanaşma: zibildən necə pul qazanmaq olar? - RƏY İnsanların yaratdığı dağ boyda bərk məişət tullantılarının öhdəsindən gəlmək o qədər də asan məsələ deyil. Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da tullantıların utilizasiyası əsas problemlərdən biridir. Hər il planetin bir sakini 300-400 kq məişət tullantısı istehsal edir.
Ekologiya
8 Oktyabr , 2019 13:36
Tullantılara ciddi yanaşma: zibildən necə pul qazanmaq olar? - RƏY

İnsanların yaratdığı "dağ boyda" bərk məişət tullantılarının öhdəsindən gəlmək o qədər də asan məsələ deyil. Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da tullantıların utilizasiyası əsas problemlərdən biridir. Hər il planetin bir sakini 300-400 kq məişət tullantısı "istehsal edir".

Qeyd edək ki, ölkəmizdə ətraf mühitin qorunmasına dövlət tərəfindən böyük diqqət göstərilir. Bununla əlaqədar 2018-ci ildə Prezident İlham Əliyev bərk məişət tullantıların idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiyanı təsdiqləyib.

2019-cu ilin əvvəlindən etibarən isə Bakıda İcra Hakimiyyəti və Böyük Britaniyanın "MottMacDonald" şirkəti tərəfindən məişət tullantılarının ayrıca toplanması və daşınması üzrə proqrama başlanılıb. Məişət tullantılarının toplanması üçün Bakıya yeni, müasir plastik konteynerlər gətirilib. Ancaq təəssüf ki, bu günə qədər onlar paytaxtın yalnız dörd mərkəzi rayonunda quraşdırılıb. Hərçənd dünyanın bir çox ölkəsində ayrıca toplama təcrübəsi məişət tullantılarının utilizasiyasının əhəmiyyətli dərəcədə sadələşdirilməsinə gətirib çıxarıb.

Bununla yanaşı, hər il IDEA İctimai Birliyi, könüllülər və digər təşkilatlar tərəfindən çimərliklərdə zibil təmizlənməsi kampaniyaları keçirilir. Ancaq təəssüf ki, zibilin yığılmasına görə qeyri-ixtiyari belə nəticəyə gəlirsən ki, bizim əhali hələ tullantıların çeşidlənməsinə və onun atılması qaydalarına hazır deyil.

Digər tərəfdən, bütün "zibil axını"nı əlində cəmləşdirən Mənzil Kommunal Təsərrüfatı strukturu tərəfindən zibilin toplanması və utilizasiyası çox vaxt tələb edir. Odur ki, tullantıların inteqrasiya olunmuş idarə edilməsini tətbiq etmək, daha dəqiq desək, bu sahəyə özəl sektoru cəlb etmək yaxşı olardı.

Beləliklə, dünya təcrübəsinə əsaslanan məişət tullantılarının yığımı, inkişaf etdirilmiş və geniş yayılmış yenidən emalı ölkədə zibilin miqdarının azaldılmasına ciddi yardım edə və fərdi sahibkarlara əlavə gəlir mənbəyi ola bilər. İnkişaf etmiş ölkələrin təcrübəsinə əsaslansaq, çəkilən xərcləri istilik və qaz istehsalında geri qaytarmaq mümkün olacaq. Amma fərdi sahibkarlar demək olar heç nədən pul qazanmağa başlamaq əvəzinə, gözləmə mövqeyi tutur, zibil isə qalaq-qalaq yığılaraq ətrafı mühiti çirkləndirməyə davam edir. Qeyd etmək lazımdır ki, biznesin rentabelliyi 60-70%-dir.

Üstəlik, bir neçə ay əvvəl Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın və rayonların təsərrüfat və digər xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə şəhərin və onun rayonlarının sanitar təmizlik vəziyyətinə həsr olunmuş xüsusi müşavirə keçirilib. Nəticədə Qaradağ MKTB-nin rəisi Rasim Əhmədov tutduğu vəzifədən azad edilib, Yasamal Rayon MKTB-nın rəisi Rüfət Əhmədova ciddi xəbərdarlıq edilib, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Zığ qəsəbəsi üzrə nümayəndəsi Səfa İmanova töhmət verilib.

Bəlkə artıq belə desək, tandem fəaliyyətə başlamağın vaxtı çatıb: istehlakçılar yuxarıda yazdığımız kimi, artıq məişət tullantılarını çeşidləməyə alışdırılar, sahibkarlar onun yenidən emalı ilə məşğul olacaq, hökumət isə bu prosesi dəstəkləyəcək və koordinasiya edəcək.

Yeri gəlmişkən, Qərbdə hər zibil torbası zibil emalı şirkətlərinin xeyrinədir. Məsələn, Almaniya, Norveç, ABŞ, Finlandiya və başqa ölkələrdə böyük müəssisələrin “zibil"dən gəlirləri milyardlarla avro ilə ölçülür.

Beləliklə, biznes şirkətləri bir daşla iki quş vurur: qeyri-məhdud xammal ehtiyatından özünə daimi gəlir əldə edir və ətraf mühiti zərərli tullantılardan qorumaqla xeyirxah iş görür.

Son xəbərlər

Orphus sistemi