Yuxarı

​Tufandağ buzlağını tədqiq etmək üçün ekspedisiya təşkil edilib

Meteoroloji şərait avtomat meteoroloji stansiyaların köməyi ilə müşahidə olunur

Bakı. 21 avqust. REPORT.AZ/ Tufandağ buzlağını tədqiq etmək üçün ekspedisiya təşkil edilib. Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mütəxəssislərinin iştirakı ilə Tufandağ buzlağını tədqiq etmək üçün ekspedisiya təşkil edilib.

3755 metr yüksəklikdə aparılan tədqiqatlar nəticəsində ötən illərlə müqayisədə buzlaq sahəsində həm azalma, həm də ərimə prosesinin daha da sürətləndiyi, buzlaq üzərində olan çatların sayının və ölçüsünün artdığı, buzlaq dilinin 10-13 metr geriyə çəkildiyi, buzlaq dilindən çıxan Mahmuddərə çayında suyun səviyyəsinin artdığı müəyyən olunub. Buzlağın parametrləri, koordinatı GPS və Lazer məsafə ölçəni ilə təyin edilib.

Tədqiqatların məqsədi qlobal iqlim dəyişmələrinin – qlobal istiləşmənin Azərbaycandakı buzlaqlara və buzlaqlarla qidalanan çayların su ehtiyatlarına təsirinin qiymətləndirilməsidir. Buzlaqların dəyişmə dinamikasını müəyyənləşdirmək üçün oxşar tədqiqatlar hər il davam etdiriləcək və aparılan ekspedisiya işləri buzlaqların kütlə balansının hesablanmasına imkan verəcək. Hazırda ərazidəki meteoroloji şərait Şahdağ, Tufandağ və Şah düzündə quraşdırılan avtomat meteoroloji stansiyaların köməyi ilə müşahidə olunur.

Qeyd edək ki, Tufandağ buzlağı Tufan zirvəsindən şimal istiqamətdə yerləşir və ərazinin ən böyük buzlağı hesab olunur. Ərazidə yerləşən buzlaq ağırlıq qüvvəsinin təsiri ilə şimal istiqamətində hərəkətə meyillidir və əksər hallarda asılı şəkildə dayanır. Morfoloji tipinə görə Tufandağ buzlaqları kar və asılı buzlaqlardır.

Bildiririk ki, iqlimdə baş verən istiləşmə və ya soyuqlaşma özünü buzlaqların sahəsinin dəyişməsində çox tez büruzə verir. Başqa sözlə, buzlaqlar qlobal iqlim dəyişmələrinin əsas indikatorudur və bu dəyişmələri əyani görmək üçün unikal obyektlər, həmçinin şirin su ehtiyatlarıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi