Yuxarı

​“Təmiz Şəhər” ASC “Tullantıdan Sənətə” muzeyinə pulsuz turlar təşkil edir

“Koroğlu” stansiyasında dayanan avtobuslar muzeyə getmək istəyən şəxslərə ödənişsiz xidmət göstərəcək

Bakı. 17 may. REPORT.AZ/  18 may - Beynəlxalq Muzeylər Günü ilə əlaqədar olaraq, “Təmiz Şəhər” ASC Qala qəsəbəsində yerləşən “Tullantıdan Sənətə” muzeyinə pulsuz turlar təşkil edir. 

ASC-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, həmin gün səhmdar cəmiyyətin metronun “Koroğlu” stansiyasında dayanan avtobusları muzeyə getmək istəyən şəxslərə ödənişsiz xidmət göstərəcək.

Ayrılmış nəqliyyat vasitələri saat 10:00-dan 15:00-dək hər saat Qalaya yola düşəcək və 2 saatdan sonra geri qayıdacaq. Turda yaşından asılı olmayaraq hər kəs iştirak edə bilər.

Qeyd edək ki, “Tullantıdan Sənətə” muzeyi 2015-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə “Təmiz Şəhər” ASC tərəfindən yaradılıb. Burada nümayiş edilən əsərlərin hamısı insanların lazımsız hesab etdiyi tullantı materiallarından hazırlanıb. Muzeydə 30 ölkədən 80-dək incəsənət adamının sənət əsərləri nümayiş olunur.

Hər il mayın 18-i bütün dünyada Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında mühüm rol oynadığını göstərməkdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi