Bakı. 23 may. REPORT.AZ/ Bu gün SOCAR-ın Ekologiya İdarəsinin təşkilatçılığı ilə Ekoloji Parkda “Bioloji müxtəliflik günü” qeyd olunub.
“Report”un şirkətə istinadən verdiyi xəbərə görə, tədbirdə 247 nömrəli tam orta məktəbin şagird və müəllimləri, həmçinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları iştirak ediblər. Tədbirdə “Azərbaycanın biomüxtəlifliyi” mövzusunda təqdimat olub, SOCAR-ın layihələrində biomüxtəlifliyin öyrənilməsi və mühafizəsi sahəsində görülən tədbirlər barədə məlumat verilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb. Tədbir zamanı məktəblilərin hazırladqları eko-kompozisiya nümayiş etdirilib, onlar üçün “Eko-park Ekoloji Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin ərazisinə ekskursiya təşkil olunub.
Qeyd edək ki, 2000-ci il mayın 22-də BMT-nin Baş Assambleyasının qətnaməsi ilə Bioloji müxtəliflik üzrə Konvensiya qəbul olunub və həmin gün “Beynəlxalq bioloji müxtəliflik günü” elan edilib. Azərbaycan 2000-ci ildən həmin Konvensiyanın üzvüdür.