Şöbə müdiri: "Hazırda təbiətə qarşı olan kəskin təcavüz torpaqları sıradan çıxarır"

Şöbə müdiri: "Hazırda təbiətə qarşı olan kəskin təcavüz torpaqları sıradan çıxarır" Antopogen təsirlərin qarşısını almaq üçün şəhər yerlərində müasir texnoloji qaydalara əməl olunmalıdır
Ekologiya
29 Dekabr , 2016 18:34
Şöbə müdiri: Hazırda təbiətə qarşı olan kəskin təcavüz torpaqları sıradan çıxarır

Bakı 29 dekabr. REPORT.AZ/ "Hazırda təbiətə əvvəlki illərlə müqayisədə daha kəskin təcavüz olunduğuna görə sürüşmələrin, torpaqların deqradasiya prosesi miqyas etibarilə daha böyükdür".

Bunu "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası, Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev deyib.

O bildirib ki, sürüşmələr, təbii torpaq mühitə dəyən ziyanların ən böyük səbəblərindən biri antopagen təsirlərdir: "Antopogen təsirlərin qarşısını almaq üçün şəhər yerlərində müasir texnoloji qaydalara əməl olunmalıdır. Su-kanal sistemi dəqiq işlənməlidir. Sızıntıların qarşısı alınmalıdır. Dayanıqlıq itirildikdə onu daha müasirləri ilə əvəz etmək lazımdır. Rayonlarda tikinti işləri normal aparılmalıdır".

Şöbə müdirinin sözlərinə görə, meşələrin qırılması, heyvanları otararkən normalara əməl olunmaması da torpaqların sıradan çıxmasına səbəb olur.

Torpaqların həddən artıq yüklənməsinin yaratdığı problemlərə toxunan Ə.Əliyev vurğulayıb ki, torpaqlarımızın 20 faiz erməni işğalında olması torpaqların yüklənməsini artıran amillərdəndir: "İşğal olunmuş torpaqlardan gələn əhali və onların heyvandarlıq təsərrüfatı da başqa ərazilərə cəlb olunub. Bunun da təsirləri var. Əlli il bundan əvvəl indikindən qat-qat çox məhsul istehsal edirdik. Amma bu qədər problem yox idi. O dövrün əsas problemi pestisidlərdən, kübrələrdən normativ qaydalara uyğun əməl olunmadığından kimyəvi çirklənmələrlə bağlı olurdu. Torpaqların şoranlığı artsa da, tədbirlər də həyata keçirilirdi".  

Son xəbərlər

Orphus sistemi