Şamaxıda koronavirus xəstələrinin tullantılarının atılması ilə bağlı açıqlama

Şamaxıda koronavirus xəstələrinin tullantılarının atılması ilə bağlı açıqlama
Ekologiya
561
1 İyul , 2020 16:08
Şamaxıda koronavirus xəstələrinin tullantılarının atılması ilə bağlı açıqlama
Ekologiya və Təbii Sərvətlər Nazirliyi / Report

Şamaxı rayonunun Göylər kəndi ərazisinə koronavirus xəstələrinin tullantılarının atılması ilə bağlı KİV-də yayılmış məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən araşdırılıb və sözügedən əraziyə baxış keçirilib.

Nazirlikdən "Report"a verilən məlumata görə, baxış zamanı kəndin ərazisinə istifadəyə yararsız yataq dəstlərinin atıldığı faktı təsdiqini tapıb.

Aparılan araşdırma zamanı məlum olub ki, Şamaxı rayonunda koronavirus epidemiyasına yoluxmuş xəstələrin müalicəsi üçün tibb müəssisəsi və karantin rejimli mehmanxana yoxdur, yataq tullantıları da koronavirus xəstələrinə aid deyil.

Faktla bağlı akt tərtib edilib və əraziyə tullantı ataraq əhalidə narahatlığa şərait yaradan təqsirkarların müəyyənləşdirilməsi üçün Şamaxı Rayon Polis Şöbəsinə müraciət olunub.

ETSN-in əməkdaşlarının nəzarəti altında ərazi məişət tullantılarından təmizlənib və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə tullantıların idarə olunmasına cavabdeh Göylər Bələdiyyəsinin rəhbərliyinə icrası məcburi olan “məcburi göstəriş” verilib.

Nazirlik vətəndaşları, müəssisə və təşkilatları məişət tullantılarını yalnız xüsusi müəyyənləşdirilmiş yerlərə atmağa, tullantıların düzgün idarə olunması və təmizlik qaydalarına ciddi riayət etməyə çağırır.