Yuxarı

Sabah Azərbaycanda 29 dərəcə isti olacaq

Şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir

Bakı. 20 aprel. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, aprelin 21-də paytaxt və yarımadanın bəzi yerlərində zəif duman olacağı gözlənilir. Axşam buludluluğun artacağı ehtimalı var. Cənub küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-14, gündüz 19-24, Bakıda gecə 12-14, gündüz 21-23 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 24-29, dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, aprelin 21-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişli olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi