Azərbaycanda ​qanunsuz ov edən 3 əcnəbi, 1 yerli vətəndaş cərimələnib

Azərbaycanda ​qanunsuz ov edən 3 əcnəbi, 1 yerli vətəndaş cərimələnib Xarici vətəndaşların ölkə ərazisindən çıxarılması və gələcəkdə Azərbaycana buraxılmaması ilə əlaqədar Miqrasiya Xidmətinə məktub göndərilib
Ekologiya
19 Aprel , 2016 08:44
Azərbaycanda ​qanunsuz ov edən 3 əcnəbi, 1 yerli vətəndaş cərimələnib

Bakı. 19 aprel. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları “Heyvanlar aləmi haqqında” qanunun tələblərinə riayət olunması ilə bağlı ölkə ərazisində növbəti reyd keçirib.

Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, aprelin 13-də Salyan rayon ərazisində keçirilən reyd zamanı qanunsuz ov edən Hacıqabul rayonu Qarasu kənd sakini Vurğun Məlikov, Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları Butti Ghamin Ali Ahmed Almansoori, Mohamed Eisa Mohamed Hamdan Almansoori və Salem Sultan Salem Kltham Alkedan saxlanılıb. Onlardan 1 ov tüfəngi və 16 ədəd patron götürülüb.

Faktla bağlı təqsirkar şəxslər barəsində qanunvericiliyin tələblərinə uyğun akt və protokol tərtib edilib və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən hər biri 2 min manat olmaqla, ümumilikdə 8 min manat məbləğində cərimə edilib.

Məlumata görə, xarici vətəndaşların ölkə ərazisindən çıxarılması və gələcəkdə Azərbaycana buraxılmaması ilə əlaqədar mövcud qanunvericiliyə uyğun tədbir görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə məktub göndərilib.

Orphus sistemi