Nəsimi rayonunda zibil qutuları şagirdlərin yolunun üstünə qoyulub

Nəsimi rayonunda zibil qutuları şagirdlərin yolunun üstünə qoyulub Ziyəddin Kazımov: "Zibil qutularının yerləşdirilməsi müvafiq olaraq 40-100 metr məsafədə olmalıdır"
Ekologiya
17 Oktyabr , 2017 13:43
Nəsimi rayonunda zibil qutuları şagirdlərin yolunun üstünə qoyulub
Report

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bakının Nəsimi rayonunda, IV mikrorayon ərazisində Mirmahmud Kazımovski (keçmiş Cavadxan) və Hüseyn Seyidzadə küçələrindəki zibil qutuları sakinlərin ciddi narazılığına səbəb olub.  

Həmin ərazidə yaşayan sakinlərdən birinin "Report"a verdiyi məlumata görə, Mirmahmud Kazımovski küçəsində yerləşən bir neçə binanın sakinlərinin məişət tullantılarını atdıqları qutular əvvəlki yerindən götürülərək marketlərdən birinin divarına bitişik qoyulub. 

Bu da hər gün həmin ərzaq mağazasına getmək, yaxud da yaxınlıqdan keçmək istəyən vətəndaşların məişət tullantılarının üfunətli iyini ciyərlərinə çəkmək məcburiyyətində qoyur. Hətta insanlar zibil qutularından axan üfunətli sulara ayaq basaraq keçməli olur. Bu da mikrobların, bakteriyaların evlərə, sinif otaqlarına daşınmasına gətririb çıxarır.  

Sakinin sözlərinə görə, hazırda ətraf ərzilərdəki kiçiktutumlu zibil qutuları da yığışdırıldığından məişət tulantılarının hamısı eyni yerə gətirilir. Nəticədə qutular qısa müddətdə dolub daşır, zibillə dolu sellofan torbalara ətrafa dağılır. Bu da dözülməz vəziyyət yaradır. 

Belə bir acınacaqlı mənzərə hər gün Hüseyn Seyidzadə küçəsində yerləşən Bakı şəhəri 5 saylı tam orta məktəbin ətrafında da müşahidə olunur. Belə ki, hər gün səhər valideynlərin və şagirdlərin kütləvi şəkildə istifadə etdiyi giriş qapısının bir neçə metrliyində qoyulub. Nəticədə dərsə gedən azyaşlılar bu üfunətli havanı ciyərlərinə çəkmək məcburiyyətində qalırlar.  

Məsələ ilə bağlı 65 saylı Mənzil-Kommunal İstismar Sahəsindən "Report"a bildiriblər ki, zibil qutularının yeri Nəsimi Rayon İcra Hakimiyyətinin göstərişi ilə dəyişdirilib: "Onlar hara deyibsə, qutular da oraya qoyulub".

Sahə rəisindən isə məsələyə münasibət öyrənmək mümkün olmayıb. 

Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya-gigiyena şöbəsinin müdiri Ziyəddin Kazımov "Report"a deyib ki, zibil qutularının yerləşdirilməsi müvafiq olaraq 40-100 metr məsafədə olmalıdır: "Bu məsələlər Nazirlər Kabinetinin 74 saylı qərarına əsasən tənzimlənir. Məişət tullantılarının əmələgəlmə yerlərində müvəqqəti saxlanılması üçün ayrılmış xüsusi sahələrdə aidiyyəti təşkilatlar tərəfindən metal tutumlarla təmin olunmuş meydançalar hazırlanmalıdır. Meydançalar tutumların sayına və həcminə uyğun olaraq tikilməlidir. Bu zaman tutumlara əhalinin və tullantı daşıyan avtomaşınların yaxınlaşmasının mümkünlüyü, digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə mane olmaması, meydançalardakı tutumlardan tullantıların küləklə sovrularaq ətraf ərazilərə yayılmaması, həyətlərdə uşaq meydançalarından və bağçalardan, məktəblərdən, sağlamlıq və istirahət zonalarından, mədəniyyət ocaqlarından, ictimai iaşə obyektlərindən və mağazalardan aralıda yerləşdirilməsi kimi şərtlər nəzərə alınmalıdır".

Onun sözlərinə görə, ətraf mühitin mühafizəsi məqsədilə tullantıların yerləşdirildiyi tutumlar və meydançalar həmişə təmiz və səliqəli vəziyyətdə saxlanılmalıdır: "Hətta lazım gəldikdə tutumlar yeniləri ilə əvəz olunmalı, meydançalar təmir edilməlidir. Müvafiq tələblərə cavab verməyən tutumlardan istifadə edilməməlidir. Tullantılar ancaq onlar üçün nəzərdə tutulmuş tutumlarda müvəqqəti saxlanılmalıdır. Tullantıların tutumlar qoyulmuş meydançadan kənarda yerləşdirilməsinə, yandırılmasına yol verilmir. Bütün meydan və küçələrdə, bağlarda, parklarda, şəhər nəqliyyatı dayanacaqlarında, metro girişlərində və s. ərazilərdə kommunal-təsərrüfat orqanları tərəfindən, vağzallarda, aeroportlarda, dəniz limanlarında, bazarlarda və digər yerlərdə isə bu təşkilatların rəhbərliyi tərəfindən kifayət qədər tutumlar (urnalar) qoyulmalıdır. Əhali çox olan yerlərdə tutumlar (urnalar) arasında məsafə 40 metrdən çox, əhali az olan yerlərdə isə bu məsafə 100 metrdən çox olmamalıdır. Tutumlar dolma həddindən asılı olmayaraq sistematik təmizlənməlidir. Ticarət obyektləri tərəfindən obyektlərin yanında və onlara bitişik ərazilərdə tutumlar qoyulmuş sahələrə məhsul ehtiyatlarının yerləşdirilməsinə və anbarlaşdırılmasına yol verilmir". 

Son xəbərlər

Orphus sistemi