Yuxarı

Nazirliyin departament direktoru: "Restoran sahiblərinin mənşəyi bilinməyən heyvan ətini almağa ixtiyarı yoxdur" - MÜSAHİBƏ

Nazirliyin departament direktoru: "Restoran sahiblərinin mənşəyi bilinməyən heyvan ətini almağa ixtiyarı yoxdur" - MÜSAHİBƏ
© Report — Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament direktoru Hikmət Əlizadə

Bakı. 22 oktyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə "Report"a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Hikmət müəllim, "Qırmızı Kitab"a düşən oxlu kirpinin yeyilməsi faktı təsdiqini tapdımı və onunla bağlı hansı işlər görülür?

- Bu məlumat internetdə yayılıb, hələ ki fakt təsdiqlənməyib, bizdə dəqiq məlumat yoxdur. Bundan əlavə, biz deyə bilmərik ki, bu kirpinin, qoyunun və ya başqa bir heyvanın ətidir. Bu məsələ ilə bağlı tapşırıq verilib, bir sıra məsələlər araşdırmalıdır. Restoran sahibləri bildirib ki, bu video bir neçə il əvvəl çəkilib. Hazırda həmin videonun nə vaxt qeydə alındığı araşdırılır.

- Restoranların mənşəyi bilinməyən heyvanların ətini müştərilərə təqdim etməyə icazəsi varmı?

- Öncə qeyd edim ki, restoran sahiblərinin mənşəyi bilinməyən heyvan ətini almağa ixtiyarı yoxdur. Bu işlə artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyi yox, digər aiddiyyətli qurumlar məşğul olur, burada söhbət insanların sağlamlığından gedir. Hətta ov əti belə olsa, həmin ət xəstəlik daşıyıcısı ola bilər. Restoran sahibi hər hansı naməlum adamdan, ovçudan mənşəyi bilinməyən ət alırsa, bu zaman qida təhlükəsizliyi məsələsi yaranır. Belə faktlar mütləq araşdırılmalıdır.

Bu fakta gəlincə, araşdırma zamanı üzə çıxsa ki, videodakı oxlu kirpinin əti olub, onu hansısa ovçu vurub, bu zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları tədbir görəcək.

- Oxlu kirpi Azərbaycanın hansı bölgəsində daha çox yayılıb?

- Oxlu kirpinin adı Hindistan tirəndazıdır, gəmiricilər dəstəsinə aiddir. O dəstənin nümayəndələri siçan, siçovul, qunduz, sincab, köstəbək və başqalarıdır. Yəni əti yeyilməli heyvanlar deyil, amma yeyənlər yeyir.

Oxlu kirpinin adı 2013-cü ildən etibarən "Qırmızı Kitab"a düşüb. Azərbaycanın bir çox ərazisində oxlu kirpi var. Məsələn, Talış dağlarında, Kiçik Qafqazın cənub qərb hissəsində, Samur çayı boyunca və s.... Bu heyvanın sayı Azərbaycanda stabildir.

- Bəs oxlu kirpinin ovlanması faktı aşkarlanarsa, cərimə nə qədərdir?

- Oxlu kirpinin ovlanaması zamanı qanunsuz ov faktına görə İnzibati Xətalar Məcəlləsinə əsasən 1000 manadan 2000 manata qədər görə cərimə tətbiq oluna bilər. Bununla yanaşı, təbiətə dəymiş ziyana görə də cərimə tətbiq olunur.

İaşə müəssisəsinin heç bir ixtiyarı yoxdur ki, tanımadan, bilmədən, baytarlıq nəzarətindən keçməyən əti insanlara menyuda təklif etsin.

- Bəs "Qırmızı Kitaba" düşən digər heyvanlar üçün cərimələr nə qədərdir?

- Cərimələr Nazirlər Kabinetinin 2004-cü il tarixli 176 saylı qərarı ilə tənzimlənir. Orada hər bir heyvan növü üçün ayrı cərimə nəzərdə tutulur. Məsələn, "Qırmızı Kitaba"a düşən ceyranın ovlanması zamanı qanunsuz ov faktına görə 2000 manat, təbiətə dəymiş ziyana görə, yəni ceyran ovuna görə isə 1650 manat cərimə nəzərdə tutulub.

Ayının ovlanması zamanı qanunsuz ov faktına görə 1000 manatdan 2000 manatadək, təbiətə dəymiş ziyan üçün isə 1000 manatdan çox cərimə nəzərdə tutulub. Yəni hər bir heyvan və quşun ovlanması üçün cərimələr var.

- Cərimələrin artırılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Nazirlər Kabinetinə müraciət etmişdi. Cavab gəlbmi?

- Hazırda Nazirlər Kabinetinin bu qərarına dəyişiklik edilməsi ilə bağlı iş aparılır. Yaxın aylarda cərimələrin məbləğinin bir neçə dəfə çoxaldacağına inanırıq.

- Adı "Qırmızı Kitaba" düşən heyvanların vurulması və yeyilməsi faktına tez-tez rast gəlinir?

- Xeyr, tez-tez rast gəlinmir. Sevindirici haldır ki, belə faktlar aşkarlananda ictimaiyyət buna xüsusi diqqət edir. Kütləvi informasiya vasitələrini oxuyan "ovçular", "nadir ət həvəskarları" da diqqətli olur. Belə olanda heyvanlara qarşı olan basqı azalır. Ovçu da fikirləşir ki, mən qanunsuz ov ovlasam hara satacam, satsam restoran sahibi məni ələ verə bilər.

Belə hallara rast gəlinəndə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 qaynar xəttinə şikayət daxil olanda isə aidiyyəti qurumlar, o cümlədən nazirlik öz səlahiyyəti daxilində tədbirləri həyata keçirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi