Nazirlikdə Ekoloji Turizm Şurası yaradılıb

Nazirlikdə Ekoloji Turizm Şurası yaradılıb Şuraya ekologiya və təbii sərvətlər naziri sədrlik edəcək
Ekologiya
9 Sentyabr , 2016 20:51
Nazirlikdə Ekoloji Turizm Şurası yaradılıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Təbiətin mühafizəsinə cavabdeh qurum kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi təşəbbüslə çıxış edib. Təbiət turizmi, dağ turizmi və dağçılıqla məşğul olan şirkət və qrupları təbiətə kütləvi axın nəticəsində yaranan fəsadlarla bağlı məlumatlandırmaq və mövcud problemlərin birgə müzakirəsi məqsədi ilə nazirlikdə görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 30-dək turizm şirkətinin rəhbəri, dağçılıq klublarının təmsilçiləri, fərdi təbiət həvəskarları, həmçinin Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinın nümayəndələrinin dəvət olunduğu görüşü giriş sözü ilə nazir Hüseyn Bağırov açıb.

Nazir deyib ki, 2002-ci ildən ölkə başçısının təşəbbüsü ilə qoruq əraziləri genişləndirilib və Milli Parklara çevrilib. Az müddət ərzində xüsusi mühafizə olunan ərazilər 400 min hektardan 1 milyon hektara çatdırılıb. Həmin ərazilərdə mühafizə işləri sayəsində təbii bərpa gedib, torpaqlar mal-qaranın taptağından, eroziyadan xilas olub. Nəticədə qorunan ərazilər gözəgəlimli şəkil alıb və insanlar meşələrdən, təbiət ərazilərindən istifədə etmək üçün həmin yerlərə can atır.

Amma görməli təbiət ərazilərinə, meşələrə, dağlara kortəbii və pərakəndə şəkildə çoxsaylı iştirakçılarla edilən turlar nəticəsində təbiət ərazilərinin həddən aşırı istismarı müşahidə edilir, o cümlədən meşə və dağların müxtəlif tullantılarla çirkləndirilməsi baş verir. Bu cür hallara qarşı ETSN tərəfindən inzibati qaydada mütəmadi tədbirlər görülsə də, konstruktiv ruhda əməkdaşlıq etmək və təbiətə ziyan gətirməyən fəaliyyəti qurmaq üçün yollar tapılmalıdır. Bu səbəbdən belə bir görüşün keçirilməsi zərurətinin yarandığını qeyd edən nazir bildirib ki, sadəcə bir məsələni unutmamalıyıq ki, təbiətin də öz tutumu var və həddən artıq kütləvilik olanda, təbiət onun öhdəsindən gələ bilmir, özünü bərpa edə bilmir.

Aparılan müzakirələrdə nazirlik tərəfindən yüksək dağlıq ərazilərdə yerləşən milli parklara giriş prosedurlarının və sənədləşmə işlərinin daha da sadələşdirilməsi məsələsinə də toxunulub. Nazir təklif edib ki, müraciət edən şirkət, klub və ya digər təşkilat yüksək dağlıq ərazilərdə turistlər üçün təhlükə yarandığı təqdirdə xilasetmə işlərinin təşkilini, sığorta işlərini, milli parkda davranış qaydalarına riayət edilməsini və digər bu kimi zəruri şərtləri boynuna götürəcəyi təqdirdə giriş 1 gün ərzində həyata keçirilsin.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində təbiət turizmi ilə məşğul olan şirkət və qrupların nümayəndələrinin iştirakı ilə Ekoloji Turizm Şurasının yaradılması fikri iştirakçılar tərəfindən dəstəklənib.

Nəticədə, toplantının yekunu olaraq Ekologiya nazirinin sədrliyi ilə Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin, turizm şirkətlərinin, dağçılıq təşkilatlarının, ictimai qurumların nümayəndələrinin iştirakı ilə Ekoloji Turizm Şurası yaradılıb.

Son xəbərlər

Orphus sistemi