Nazirlik rəsmisi: "Bu il Azərbaycandakı sürüşmə sahələrində aktivləşmə qaçılmazdır"

Nazirlik rəsmisi: "Bu il Azərbaycandakı sürüşmə sahələrində aktivləşmə qaçılmazdır" Yanvar ayında ölkədə ən çox müşahidə olunan aktivləşən sürüşmə zonalarının adları açıqlanıb
Ekologiya
6 Fevral , 2015 09:24
Nazirlik rəsmisi: Bu il Azərbaycandakı sürüşmə sahələrində aktivləşmə qaçılmazdır

Bakı. 6 fevral. REPORT.AZ/ "Yanvar ayı ərzində sürüşmə sahələrində aparılan monitorinqlər nəticəsində Azərbaycanın cənub bölgəsində, əsasən də dağlıq ərazilərdən keçən yollarda mövcud sürüşmə və uçqun sahələrində aktivləşmə müşahidə olunub. Belə ki, ən çox aktivləşmə Lənkəran, Lerik və Aslandüz sürüşmə sahələrində müşahidə edilib". Bunu "Report"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərinin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib.

Onun sözlərinə görə, respublikanın digər bölgələrində, o cümlədən Ağsu aşırımı zonasında, Bakı-Şamaxı avtomobil yolunun 106-111 kilometrliyində mövcud sürüşmə zonasında da qismən aktivləşmə qeydə alınıb: "Həmçinin Quba-Xınalıq avtomobil yolunun 36-cı kilometrliyində də qismən aktivləşmə olub. Kiçik Qafqaz zonasında sürüşmə sahələrində isə elə də ciddi dəyişiklik baş verməyib, yəni vəziyyət stabil olaraq qalır. Abşeron yarımadasında da mövcud sürüşmə sahələri stabil vəziyyətdədir. Lakin Zığ sürüşmə sahəsi hər zaman olduğu kimi Abşeron yarımadasında ən təhlükəli sürüşmə sahələrindən biri olaraq qalır. Bu sürüşmə sahəsində ay ərzində qismən aktivləşmə qeydə alınıb. Aktivləşmə əsasən sürüşmə kütləsinin üzərində olan fərdi yaşayış evlərində mövcud çatların, eləcə də oradakı torpaq qatlarının qismən genişlənməsi ilə müşayiət olunub".

Sürüşmə sahələrində aktivləşmənin olmasına texnogen faktorların təsir etdiyini deyən nazirlik rəsmisi əlavə edib ki, payız və qış aylarında yağıntıların intensiv olduğu vaxtlarda sürüşmələr daha da aktivləşir.

S.Əmiraslanov onu da qeyd edib ki, 2013-cü ildə sürüşmə sahələrində daha çox aktivləşmələr müşahidə olunub: "Keçən il isə qismən azalmalar müşahidə edilib. Bu da 2014-cü ildə iqlim faktorlarının, yəni qar yağıntılarının az düşməsi ilə əlaqələndirilir. 2015-ci ildə atmosfer yağıntılarının çox olmasını nəzərə alsaq, sürüşmə sahələrində aktivləşmənin olması qaçılmazdır". 

Son xəbərlər

Orphus sistemi