Yuxarı
    Bağlamaq

    Nazirlik rəsmisi: “Bakıda subasmaların qarşısının alınması üçün ərazilərdə kanalizasiya sistemi və drenaj şəbəkəsi qurulmalıdır”

    “Yay aylarında qrunt suları qismən çəkiləcək”

    Bakı. 18 aprel. REPORT.AZ/ “Son günlər atmosfer yağıntılarının azalması səbəbindən bütün sürüşmə sahələrinin dinamikasında aktivlik yoxdur, ərazilərdə vəziyyət sabitdir. Proqnozumuza görə, yay aylarında qrunt sularının səviyyəsi qismən çəkiləcək”.

    Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

    O bildirib ki, Sabunçu rayonunda Şuşa şəhərciyi, Savalan yaşayış massivi, Kürdəxanı ərazisində subasmalar müşahidə edilir: “Kürdəxanıda problem əvvəlki illərə nisbətdə azalıb, amma hələ də problem qalmaqdadır. Bu, əsasən, Kürdəxanı ərazisinin dənizkənarı magistral yola yaxın ərazilərində, relyefin nisbətən çökək hissələrində müşahidə olunur”.

    Mütəxəssis qeyd edib ki, subasma hadisəsi Bilgəh qəsəbəsində bəzi lokal sahəli ərazilərdə də müşahidə edilir: “Bu subasmaların səbəbi atmosfer yağıntıları, ərazilərdə kanalizasiya sistemi və drenaj şəbəkəsinin olmaması, əhalinin və yeni tikililərin çoxalmasıdır. Qeyd olunan ərazilərdə kanalizasiya sistemi və drenaj şəbəkəsinin olmaması səbəbindən əhali primitiv üsullardan istifadə edir".

    R.Həsənovun sözlərinə görə, subasmaların qarşısının alınması üçün ərazidə qrunt sularının səviyyəsi aşağı salınmalıdır. Bu məqsədlə də qeyd olunan ərazilərdə kanalizasiya sistemi və drenaj şəbəkəsi qurulmalıdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi