Yuxarı
    Bağlamaq

    Nazirlik "Qaynar xətt"ə daxil olan şikayətlərin sayını açıqlayıb

    3 574 şikayətdən 3 403-ü nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq qanunamüvafiq tədbirlər görülüb

    Bakı. 22 yanvar. REPORT.AZ/ Keçən il Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 24 saat fəaliyyət göstərən 168 saylı "Qaynar xətt"inə ümumilikdə 3 574 şikayət daxil olub. Onlardan 3 403-ü nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq qanunamüvafiq tədbirlər görülüb, digər müraciətlərin araşdırılması isə hazırda davam etdirilir. "Report" xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda bildirilir.

    Daxil olan şikayətlər əsasən, ağacların kəsilməsi və aşma təhlükəsinin olması, məişət tullantılarının qalaqlanması, atmosfer havasının çirklənməsi, çirkab suların axıdılması, yerin təkindən istifadə, flora və faunanın mühafizəsi, səs-küy səviyyəsinin normadan artıq olması və s. ilə əlaqədar olub.

    Belə ki, il ərzində Dövlət Ekspertiza İdarəsinə göndərilən 1434 şikayətdən 1411-i, Ətraf Mühitin Mühafizəsi Departamentinə göndərilən 1333 şikayətdən 1287-si, Meşələrin İnkişafı Departamentinə göndərilmiş 471 şikayətdən 399-u, Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinə göndərilmiş 129 şikayətdən 127-si, Milli Geoloji Kəşfiyyat Xidmətinə göndərilmiş 96 şikayətdən 68-i üzrə araşdırma başa çatıb, qalan şikayətlərin araşdırılması isə hazırda davam etdirilir.

    Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinə göndərilən 68 şikayət, İstehsalat Siyasəti Şöbəsinə göndərilən 23 şikayət, Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinə göndərilmiş 14 şikayət, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinə göndərilən 3 şikayət, Ovçuluq Təsərrüfatlarının İdarə Edilməsi və Ovçuluq Fəaliyyətinə Dövlət Nəzarət Xidmətinə göndərilən 3 şikayət araşdırılaraq qanunamüvafiq tədbirlər görülüb.

    Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt” - rabitə əlaqəsi 2002-ci ildən etibarən ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən fəaliyyətin təşkilati-hüquqi formasından asılı olmayaraq aidiyyəti idarə, müəssisə və təşkilatlarla, ayrı-ayrı vətəndaşlarla operativ qaydada əlaqələndirilməni təmin etmək məqsədilə fəaliyyət göstərir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi