Bakı. 11 may. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ötən ay ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıb.
Nazirliyin mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilən qanun pozuntularına görə 130 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 32 müddətli məcburi göstəriş verilib.
Ümumilikdə, 36 iş üzrə 38 476 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 9 iş üzrə 49 597 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 240 iş üzrə 64276.38 manat məbləğində ödəmə tətbiq edilib.
Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 13, icra qurumlarına 25, məhkəmələrə isə 5 iş göndərilib.