Yuxarı

Nazirlik havaların isti keçməsi ilə bağlı əhaliyə müraciət edib

ETSN FHN-lə birgə meşə mühafizə mühəndisləri, meşəbəyləri və yanğın keşikçiləri üçün təlim-məşqlər keçirib

Bakı. 12 iyun. REPORT.AZ/ Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) meşələrdə, həmçinin meşə fonduna yaxın sərhəd ərazilərdə yanğınların qarşısının alınması məqsədi ilə qabaqlayıcı profilaktik tədbirləri davam etdirir. Nazirlikdən "Report"a verilən xəbərə görə, havaların isti və quraq keçməsi, habelə taxıl biçini mövsümünün yaxınlaşması ilə əlaqədar ETSN və Fövqəladə Hallar Nazirliyinin birgə tərtib etdiyi tədbirlər planına uyğun olaraq, meşə mühafizə mühəndisləri, meşəbəyləri və yanğın keşikçiləri üçün təlim-məşqlər keçirilib.

Yanğın təhlükəsi gözlənilən ərazilərdə 658 kilometr uzunluğunda yanğın əleyhinə mineral zolaqlar çəkilib və əvvəlki illərdə çəkilən 563 kilometr köhnə zolaqlar təmir edilib. Həmçinin, meşə yanğınlarına qarşı 79 hektar sahədə budama işləri aparılıb. Bundan əlavə, meşə mühafizəsi və bərpası müəssisələri texniki avadanlıqlarla təchiz olunub, növbətçiliklər təşkil edilib, yerlərdə taxıl məhsullarının biçini zamanı yanğın təhlükəsizliyi normalarına riayət olunmasına dair fermer və torpaq mülkiyyətçiləri ilə izahat işləri aparılıb, maarifləndirici lövhələr quraşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların isti keçməsi ilə əlaqədar əhalini təbiətdə olarkən odla ehtiyatlı olmağa və yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi