Nazirlik: Bakının bir neçə nöqtəsində sürüşmə prosesi artır

Nazirlik: Bakının bir neçə nöqtəsində sürüşmə prosesi artır "Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında yolda baş verən sürüşmə ərazisində monitorinq aparmaq mümkün deyil"
Ekologiya
14 Dekabr , 2015 13:46
Nazirlik: Bakının bir neçə nöqtəsində sürüşmə prosesi artır

Bakı. 14 dekabr. REPORT.AZ/ Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Suraxanı rayonunun Zığ, Abşeron rayonunun Masazır qəsəbəsində, Bakı-Ağsu magistral avtomobil yolunda, Bakı-Şamaxı yolunun 106, 109 və 111-cı kilometrliklərində, Ələt-Astara yolunda, Şamaxı rayonunun Muğanlı ərazisində olan sürüşmə sahələrində monitorinqlər aparır. Bunu "Report"a açıqlamasında nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

O bildirib ki, hazırda Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında yolda baş verən sürüşmə ərazisində monitorinq aparmaq mümkün deyil: "Çünki qeyd olunan ərazidə texnika işləyir, bərkitmə işləri aparılır. Hazırda ərazidə olan sürüşmə sahəsində sabitlik yaranıb".

Geoloqun sözlərinə görə, Azərbaycan ərazisində yerləşən sürüşmə sahələrində bu gün üçün qrupla, irimiqyaslı aktivləşmə müşahidə olunmur və il ərzində belə hal qeydə alınmayıb: "Azərbaycanda yeni sürüşmə ocaqları yoxdur. Səbail rayonu ərazisində - Bayıl və Badamdar sürüşmə sahələrində isə bərpa işləri aparılır deyə sabitləşmə müşahidə olunur".

Ələmdar Piriyev sürüşmələrin müxtəlif səbəblərdən yarandığını bildirib. O qeyd edib ki, sürüşmə sahələrinin bəziləri texnogen proseslərlə, antropegen amillərin təsiri ilə əmələ gəlir: "Antropogen amillər dedikdə, yəni insanların fəaliyyəti nəticəsində əmələ gələn, çirkab, kanalizasiya sularının buraxılması, suvarma işlərinin aparılması nəzərdə tutulur. Belə ərazilərdə atmosfer çöküntüləri nəticəsində fəalaşma daha da artır. Masazır qəsəbəsində baş verən sürüşməni buna misal göstərmək olar. Sürüşmələrin digər qismi isə tektonik proseslər, atmosfer çöküntülərinin intensivləşməsi nəticəsində baş verir".

Mütəxəssis, həmçinin qeyd edib ki, Bakı ətrafinda Zığ, Günəşli, Bayıl, Badamdar, 9-cu mikrorayon ərazisində olan yamaclarda antropogen müdaxilə nəticəsində sürüşmə prosesi artır və genişlənir: "Həmin ərazilərdə ağaclar, kolluqlar, yaşıllıqlar salınması daha məqsədəuyğundur. Amma təəssüf ki, qeyd olunan ərazilərə çirkab və kanalizasiya suları axıdılır". 

Son xəbərlər

Orphus sistemi