Yuxarı

Nazirlik Bakıda ağacların budanmasına münasibət bildirib

Bakı. 20 fevral. REPORT.AZ/ Bakının bir neçə istiqamətində, eləcə də ölkənin digər ərazilərində ağacların qol-budağının kəsilməsinə, budanmasına rast gəlinir. Bu isə "budanma vaxtında və düzgün aparılırmı?" sualını yaradır. Bu mövzu ilə bağlı “Report”un suallarını Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssisi Rəhim İbrahimov cavablandırıb:

- Payız-qış mövsümündə ağacların budanması nə dərəcədə düzgündür?

- Bəli, hazırda budanmanın aparılması düzgündür. Ağaclarda vegetasiya dövrü başa çatdıqdan (yarpaqlar saralıb töküləndən) sonra payız, qış və erkən yaz dövründə budanma aparılmalıdır. Budanma ağacın növündən, yaşından asılı olaraq aparılır. Əgər ağacın yaşı çoxdursa, budanma cavanlaşdırma məqsədi daşıyır. Bunun üçün ağacın çətirinin forması saxlanılmaqla gövdənin baş hissəsindən, əsasən isə, xəstə, quru, qurumaqda olan və həşaratlarla sirayətlənmiş budaqların kəsilməsinə önəm verilməlidir. Kəsilmiş hissələrə isə xüsusi hazırlanmış ağac boyası sürtülməlidir.

- Budanma necə aparılmalıdır, ağac növünə görə fərq qoyulmalıdırmı?

- Bəli, fərq olmalıdır. Meyvə ağaclarında budanma ancaq xəstə, bar verməyən, quru budaqların kəsilməsi ilə həyata keçirilir. Yox, əgər ağacın çətiri küləyin təsirindən bir tərəfə inkişaf edibsə, onda budanma çətirin formalaşdırılması istiqamətində, gövdəyə yaxın hissədən aparılmalıdır. Əks təqdirdə, tam kəsilməyən hissə yağışdan çürüyərək həşəratların məskəninə çevrilir, sonda həmin budağın və gövdənın qurumasına gətirib çıxarır.

- Havaların isti keçməsi budanmaya təsir göstərirmi?

- Ağaclarda vegetasiya dövrü, yəni cücərti başlanıbsa, budanma işini aparmaq olmaz. Ancaq sınmış budaqlar kəsilib götürülməli və həmin hissəyə ağac boyası sürtülməlidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi