Nazirlik 4 naməlum şəxsdən 14 ovlanmış çöl ördəyi müsadirə edib

Nazirlik 4 naməlum şəxsdən 14 ovlanmış çöl ördəyi müsadirə edib ETSN Azərbaycanda qanunsuz ov hallarının qarşısının alınması məqsədilə növbəti reydlər keçirib
Ekologiya
21 Fevral , 2015 12:25
Nazirlik 4 naməlum şəxsdən 14 ovlanmış çöl ördəyi müsadirə edib

Bakı. 21 fevral. REPORT.AZ/ Azərbaycanda qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən növbəti reydlər keçirilib. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Ağsu rayonu Sanqalan adlanan ərazidə keçirilən reyd zamanı ov edən 3 naməlum şəxs saxlanılıb. Faktla bağlı qanunamüvafiq qaydada akt tərtib edilərək həmin şəxslərdən 3 ov tüfəngi, 6 patron götürülüb. Sənədlərini təqdim etməyən qanun pozucularının şəxsiyyətinin müəyyən edilməsi və barələrində qanunvericiliyə uyğun tədbir görülməsi üçün Ağsu Rayon Polis Şöbəsinə müraciət edilib.

Qaradağ rayonunun 29-cu kilometrliyində ov edən Abşeron rayon Güzdək kənd sakini Mehdi Mehdiyev, Xırdalan şəhər sakini Kamil Aslanov və Bakı şəhər Nərimanov rayon sakini Vərqa Həsənov saxlanılaraq onlardan 3 ov tüfəngi, 8 patron götürülüb. Qanun pozucuları barəsində akt və protokol tərtib edilərək hər biri 1000 manat məbləğində cərimə olunub.

Qusar rayonunun Qullar-İmamqulu kəndi ərazisində keçirilən reyd zamanı ovla məşğul olan naməlum şəxs saxlanılaraq ondan 1 ov tüfəngi, 2 patron götürülüb. Təqsirkarın şəxsiyyətinin müəyyən edilməsi və barəsində müvafiq tədbir görülməsi üçün aidiyyəti rayon polis şöbəsinə müraciət olunub.

Sarısu Ovçuluq Təsərrüfatının ərazisində keçirilən reyd zamanı 4 nəfər naməlum şəxs saxlanılıb. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun akt tərtib edilərək onlardan 5 ov tüfəngi, 130 patron və 14 ovlanmış çöl ördəyi müsadirə olunub. Sənədlərini təqdim etməyən qanun pozucularının şəxsiyyətinin müəyyənləşdirilməsi üçün qanunamüvafiq tədbirlər görülür.

Son xəbərlər

Orphus sistemi